BAKI, 19 oktyabr - Sputnik. Bu gün artıq dünya dəyişir, müharibə cinayətlərini törədənlər cəzalandırılır. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.
Xocalı soyqırımı olanda dünyada bir sistemsizliyin hökm sürdüyünü qeyd edən Şəntop, "artıq Xocalı soyqırımının olduğu dünyada yaşamırıq, başqa dünyada yaşayırıq", deyib.
TBMM sədri qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlərin Ermənistana silah yardımı etdiyi məlumdur:
"Bu silahları Ermənistan almır, bu silahlar onlara bağışlanır. Siz Ermənistana silah verirsinizsə, bu münaqişəni necə həll edə bilərsiniz? Yəni 30 il ərzində münaqişəni həll etmək nəticə vermədi deyil, belə niyyətləri olmayıb. ABŞ Dövlət katibi deyir, ümid edir ki, Ermənistan torpaqlarını müdafiə edər. O, yəqin ki, tarixi və coğrafiyanı bilmir".
Şəntop vurğulayıb ki, Azərbaycan 30 il ATƏT-in Minsk Qrupu həmsədrlərinin apardığı müzakirələr nəticəsiz qaldığı üçün hərəkətə keçdi.
O, bildirib ki, təkcə dost olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadırlar. Dağlıq Qarabağ hər zaman Azərbaycanın olub:
"Azərbaycan tarix və beynəlxalq hüquq baxımından haqlıdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Avropa Şurası və ATƏT-in qərarlarında Ermənistanın işğalçı olduğu əksini tapıb”.
TBMM sədri Ermənistanın Gəncəyə hücumunun müharibə cinayəti olduğunu da qeyd edib:
"Bu gün olmasa, sabah, digər gün müharibə cinayətləri törədənlərin mühakimə olunduğu dünyada yaşayırıq. Bosniya və Herseqovinada müharibə cinayətlərini törədənlər mühakimə olunacaqlarını gözləmirdilər. Ermənistan tək Azərbaycan üçün deyil, bölgə və dünyada sülh üçün bir təhdiddir. Bütün bunlara görə Türkiyə Azərbaycanın yanındayıq".
Şentop sülh yolu, yaxud Azərbaycan Ordusu tərəfindən torpaqların işğaldan azad ediləcəyinə inandığını bildirib.