Ermənistan Silahlı Qüvvələri humanitar atəşkəsi kobud şəkildə pozmağa davam edir. Düşmən ordusu cəbhəyanı yaşayış məntəqələri ilə yanaşı, müxtəlif infrasturktur obyektlərinə də ciddi ziyan vurur. Lakin erməni vandalizmi bununla bitmir. Onlar hətta qəbiristanlıqları da atəşə tutmaqdan çəkinmir. Ağdamda da qəbiristanlıqlar Ermənistan Silahlı Qüvvələrinin ağır artilleriya və top atəşlərinə məruz qalır. Əhmədağalı kənd qəbiristanlığına düşən mərmilər də xeyli ziyanlıq törədib.
Qəbirlərdən bəziləri əvvəlki günlərdə, bəziləri isə ötən axşam atılan mərmilərdən dağılıb. Cəbhəyanı yaşayış məntəqələrinin sakinləri düşmənin bu cür təxribatlarından qorxmadıqlarını və ordumuza güvənərək öz kəndlərində yaşadıqlarını, təsərrüfat işləri ilə məşğul olduqlarını bildiriblər.
Bundan başqa, ötən axşam Ağdamın cəbhəyanı yaşayış məntəqələri ağır artilleriyadan və toplardan intensiv atəşə tutulub. Atılan mərmilər cəbhəyanı kənd və qəsəbələrdə xeyli ziyana səbəb olub. Mərmilərdən biri Qaradağlı kənd sakini Mehman Ağaməmmədova məxsus evin həyətinə düşüb. Mərmi evə və meyvə ağaclarına xeyli ziyan vurub. Bu, müharibə başlayandan bu günə kimi bu həyətə düşən 3-cü mərmidir. Aprel döyüşləri zamanı da Ermənistan ordusunun atdığı mərmilərdən biri Mehman Ağaməmmədovun həyətinə düşərək xeyli ziyan vurub.