Samux kənd sakini Müşfiq Qurbanov Gəncədə mühafizəçi kimi çalışır. Məhz peşəsi və hadisə anında soyuqqanlığı sayəsində partlayış dalğasından sonra salamat qala bilib.
“Partlayışın birinci dalğası məni vurdu. Yerə uzandım və döyüş vəziyyətini aldım. Qarşısında uzandığım ağac başıma dəydi. Dəfələrlə zədə aldım. Beynim dumanlansa da, kontuziya almadım, çünki ağzım açıq idi”, - deyərək o Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışıb.
Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından 100 km kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini Ermənistan ərazisindən növbəti dəfə raket atəşinə tutub. İçərisində uşaq, qadın, ahıl insanların da yaşadığı çoxmənzilli binalarda 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16-sı qadın, 6-sı uşaq olmaqla 34 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.
Oktyabrın 12-də isə yaralı şəxslərdən biri, 1992-ci il təvəllüdlü Əliyeva Günay Zahid qızı müalicə olunduğu xəstəxanada vəfat edib.