QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İlham Əliyev: "Azərbaycan üçün bu, azadlıq müharibəsidir"

© Official website of President of Azerbaijan RepublicПрезидент Ильхам Алиев в открытии медицинского учреждения в Баку
Президент Ильхам Алиев в открытии медицинского учреждения в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycanda hansısa xarici hərbi iştiraka ehtiyac yoxdur. Ordumuz yüz mindən artıq döyüşçüdən ibarətdir və lazım gəldikdə, səfərbərlik zamanı bu rəqəm bir neçə dəfə artırıla bilər" - İlham Əliyev

BAKI, 15 oktyabr — Sputnik. Sentyabrın sonlarından etibarən Dağlıq Qarabağda hərbi əməliyyatlar gedir. Moskvada Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının görüşündən sonra atəşkəs haqqında saziş əldə etmək mümkün olub, amma tərəflər iddia edirlər ki, bu sazişə əməl olunmur. "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyov Azərbaycan və Ermənistan liderlərindən paralel müsahibələr alıb. Onlara eyni suallar ünvanlanıb və bərabər vaxt ayrılıb.

Президент Ильхам Алиев, фото из архива  - Sputnik Azərbaycan
QARABAĞ
İlham Əliyev: Heç bir şərtlə Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq verməyəcək

Azərbaycan Prezidenti İlham Əliyev müsahibədə bölgədə yaranmış vəziyyəti necə qiymətləndirdiyi, münaqişə tərəflərinin hansı itkilər verdiyi və Azərbaycan tərəfində Suriya və Liviyadan olan muzdluların vuruşub-vuruşmadığına dair suala cavab verib. O, həmçinin münaqişənin həlli üzrə baza prinsiplərinə dair Bakının mövqeyini izah edib, barışığın nədən başlamalı olduğunu, Azərbaycan tərəfinin Dağlıq Qarabağ məsələsində kompromisi necə gördüyünü və nəyin onun üçün heç vaxt keçməyəcəyi "qırmızı xətt" olduğunu açıqlayıb, azərbaycanlılarla ermənilərin sülh şəraitində yanaşı yaşamasının mümkün olub-olmaması barədə fikirlərini bölüşüb.

- Cənab Prezident, Azərbaycan və bütün dünya üçün belə bir çətin vaxtda Sizə suallar vermək imkanına görə səmimi qəlbdən minnətdaram. Sentyabrın 27-dən bəri hərbi əməliyyatların nəticələrini necə qiymətləndirirsiniz, Sizin hesablamalarınıza görə, tərəflərin itkiləri nə qədərdir, əsirlərin sayı çoxdurmu?

- Sentyabrın 27-də Azərbaycan Ermənistan silahlı qüvvələrinin növbəti hücumuna məruz qalıb. Bu, son üç ayda ilk hücum deyildi. İyulda dövlət sərhədində buna bənzər, lakin kiçik miqyasda bir şey baş verib, o zaman hücum dəf edilib, sonra isə avqustda Ermənistan tərəfindən dinc əhaliyə və hərbçilərə qarşı terror aktları törətmək üçün təxribat qrupu göndərilib və bu qrupun başçısı yaxalanıb, o, ifadə verir. Sentyabrın sonunda da yaşayış məntəqələrimiz artilleriya atəşinə tutulub və elə ilk saatlarda həm dinc əhali, həm də hərbçilər arasında qurbanlar olub. Bu günə qədər 43 dinc sakinimiz həlak olub, 200-dən artıq yaralımız var, təmas xəttinə bitişik kənd və şəhərlərdə iki minə yaxın ev tamamilə dağıdılıb, yaxud zərər görüb. Təəssüf ki, Ermənistan tərəfindən artilleriya atəşləri – o cümlədən 10 nəfər dinc sakinin həlak olması və qırxa yaxın insanın yaralanması ilə nəticələnmiş Gəncə şəhərinin barbarcasına bombardmanı atəşkəsin parametrləri razılaşdırıldıqdan sonra da davam edir. O ki qaldı döyüş meydanında itkilərə, bizdə olan məlumatlara görə, Ermənistan tərəfinin itkiləri bizim itkilərimizdən qat-qat çoxdur. Biz hərbi qulluqçular arasında itkilərimizi münaqişənin qaynar mərhələsinin başa çatmasından sonra elan edəcəyik.

Döyüş əməliyyatlarının nəticələrinə gəldikdə isə, onlar Azərbaycan ordusu üçün çox uğurlu olub, biz düşmənin dərin eşelonlanmış müdafiəsini yarmağa müvəffəq olmuşuq. Bəzi məntəqələrdə hətta dörd müdafiə xətti var idi. Ərazinin dağlıq relyefi, əlbəttə ki, müdafiəni əks-hücuma nisbətən daha rahat edir. Bu günə qədər onlarla yaşayış məntəqəsi, o cümlədən Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun kəndlərinin böyük bir hissəsi, Füzuli rayonunun kəndlərinin mütləq əksəriyyəti, strateji əhəmiyyəti olan Suqovuşan qəsəbəsi işğaldan azad olunub. Biz işğalçıları Murovdağ silsiləsində strateji yüksəkliklərdən qovduq və öz ölkəmizin ərazi bütövlüyünün bərpası üzrə əməliyyatı uğurla davam etdiririk.

- Biz müxtəlif tərəflərdən Suriyadan, yaxud Liviyadan olan muzdluların Azərbaycan Ordusunun tərəfində iştirak etdiyini eşidirik. Buna nə dərəcədə inanmaq olar?

- Mən bu mövzuda dəfələrlə danışmışam. Azərbaycanda hansısa xarici hərbi iştiraka ehtiyac yoxdur. Ordumuz yüz mindən artıq döyüşçüdən ibarətdir və lazım gəldikdə, səfərbərlik zamanı bu rəqəm bir neçə dəfə artırıla bilər. Bu gün bizim malik olduğumuz silahlı birləşmələr qarşıya qoyulan istənilən vəzifəni tam yerinə yetirməyə qadirdir. Erməni hərbi texnikasının məhv edilməsinin görüntüləri internetdə mövcuddur. Əlbəttə, heç bir muzdlu belə ixtisaslaşmaya və belə texniki imkanlara malik deyil. Biz təkcə pilotsuz uçan zərbə aparatlarının vasitəsilə düşmənin 1 milyard dollardan artıq dəyərində hərbi texnikasını məhv etmişik, hələ malik olduğumuz digər vəsaitləri nəzərə almadan. Azərbaycan Ordusunun potensialı məlumdur – bu, heç kimə sirr deyil. Ona görə də bizim əlavə hərbi qüvvələrə ehtiyacımız yoxdur. Azərbaycan beynəlxalq terrorizmlə daim davamlı mübarizə aparıb, biz heç vaxt ərazimizdə hansısa terror təşkilatlarının yuva salmasına, xüsusən də xalqımız və qonşularımız üçün təhlükə yaratmasına yol vermərik. Biz buna heç vaxt yol verməyəcəyik. Azərbaycan ərazisində indiki döyüşlərdə xarici silahlı birləşmələrin iştirak etməsi barədə heç kim bizə heç bir sübut təqdim etməyib. Bizim rəsmi mövqeyimiz ondan ibarətdir ki, bizim heç bir xarici muzdlumuz yoxdur.

-  10 oktyabr tarixli Moskva razılaşmasında nizamlanmanın əsas prinsipləri qeyd olunur. Bu prinsipləri, zəhmət olmasa, izah edə bilərsinizmi, Siz onları necə başa düşürsünüz?

- Bu prinsiplər uzun illərdir işlənib hazırlanıb. 10 ildən artıqdır ki, deyərdim. Ermənistanın əvvəlki rəhbərliyi ilə iş prosesində biz mövqelərin razılaşdırılması prosesində çox fəal irəliləyirdik. Bu, heç asan deyildi. Danışıqlar istənilən halda mürəkkəb bir prosesdir, xüsusilə də belə mühüm məsələdə. Buna baxmayaraq, hər iki tərəf siyasi nizamlama yolu ilə getmək arzusunu nümayiş etdirirdi. Lakin təəssüf ki, indiki Ermənistan hökumətinin hakimiyyətə gəlməsindən sonra, bundan əvvəl görülmüş işlər Ermənistan tərəfindən sadəcə zibil yeşiyinə atılıb. Həm də danışıqların formatını dəyişmək, qondarma "Dağlıq Qarabağ Respublikası" hakimiyyətini danışıqlara cəlb etmək cəhdi olub ki, bu da həm bizim tərəfimizdən, həm də ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən rədd edilib.

İlham Əliyev Türkiyənin “Haber Türk” kanalına müsahibə verib - Sputnik Azərbaycan
QARABAĞ
Prezident İlham Əliyev: "Danışıqlar Ermənistan və Azərbaycan arasında aparılacaq

Baza prinsiplərinə gəldikdə, orada hər şey aydın şəkildə yazılıb. Azərbaycanın işğal olunmuş rayonlarının mərhələli şəkildə azad edilməsi nəzərdə tutulur. Birinci mərhələdə bu, işğal olunmuş ərazilərin cənub-şərq hissəsi – beş rayondur. İkinci mərhələdə isə bu, Dağlıq Qarabağ ilə Ermənistan arasında yerləşən ərazilər – Laçın və Kəlbəcər rayonlarıdır. Bütün kommunikasiyaların, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin başqa hissələrində yerləşən kommunikasiyaların açılmasıdır. Qaçqın və məcburi köçkünlərin öz əzəli yaşayış yerlərinə qayıtması azərbaycanlı qaçqınların həm Şuşa ərazisinə, həm də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin digər rayonlarına qaytarılmasını nəzərdə tutur. Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi ilə bağlı danışıqlar tərəflər tərəfindən razılaşdırılmalıdır.

Baxın, prinsip etibarilə, əgər qısaca desək, Azərbaycanın həmişə hörmət ifadə etdiyi baza prinsiplər bunlardır və biz onları işləyib hazırlamışıq. Ancaq Ermənistanın yeni hakimiyyəti dəfələrlə bəyan edib ki, bu, qəbuledilməzdir, onlar bir santimetr də torpaq qaytarmayacaqlar. Bunu baş nazir deyib. Ermənistanın müdafiə naziri deyirdi ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşır. Bizim ünvanımıza daim təhdidlər və təhqirlər səslənirdi ki, bu da baxın, belə bir qarşıdurmaya çevrilib. Güman edirəm ki, Ermənistan tərəfi yaranmış yeni vəziyyəti ayıq-sayıq qiymətləndirməli və sakinləri yuxuda olarkən dinc Gəncə şəhərini bir neçə saatdan sonra bombalayaraq barbarcasına pozduğu atəşkəs rejiminə sadiq olmalıdır.

- Cənab Prezident, əgər kompromislərdən danışsaq, onda hansı kompromislərə hazır olardınız? Və heç bir halda geri çəkilməyəcəyiniz bir xətt varmı?

- Bizim mövqeyimiz həmişə çox konstruktiv və ardıcıl olub. O, həm də Ermənistan qüvvələrinin ərazilərimizdən tamamilə, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT TŞ-nin dörd qətnaməsinin həyata keçirilməsi baxımından beynəlxalq hüquq normalarına söykənib. Bizim mövqeyimiz həmişə praqmatik yanaşmaya əsaslanıb və düşünürəm ki, danışıqlar masasında mövcud olan nailiyyətlər bunu aydın şəkildə göstərir. Qırmızı xətlərə gəldikdə isə, biz bu barədə çox dəqiq bəyan etmişik və Minsk Qrupunun həmsədrləri bunu yaxşı bilirlər: heç bir halda Azərbaycanın ərazi bütövlüyü pozula bilməz, Azərbaycan heç bir halda Dağlıq Qarabağın müstəqilliyinə razılıq verməyəcək. Amma eyni zamanda bizim təklifimiz ondan irəli gəlib ki, gələcəkdə Dağlıq Qarabağın ərazisində erməni icması və azərbaycanlı icması sülh şəraitində və birgə yaşamalıdır. Azərbaycanın, yeri gəlmişkən, digər yaşayış məntəqələrində, o cümlədən çoxminlik erməni icmasının yaşadığı Bakıda olduğu kimi, ermənilərin və azərbaycanlıların bəzən bir kənddə yaşadığı və işlədiyi və aralarında heç bir ziddiyyətin yaranmadığı Rusiyada, Gürcüstanda, başqa ölkələrdə olduğu kimi. Niyə bizdə də buna nail olmaq olmaz? Biz buna köklənmişik, lakin əlbəttə ki, etnik təmizləmələrin nəticələri aradan qaldırılmalıdır və bütün məcburi köçkünlərimiz öz evlərinə qayıtmalıdırlar. Baxın, prinsipcə, mən sizə əsas prinsiplərdən bir qədər çoxunu, mümkün kompromislər üzrə yanaşmamızı açıqladım.

- Cənab Prezident, bu müharibənin qəddarlığı artıq tarixə düşüb. Siz də artıq bu müharibə tarixinin bir hissəsisiniz. Tarixdə necə qalmaq istəyərdiniz?

Prezident İlham Əliyev Şamaxıda ASAN Həyat kompleksinin açılışında  - Sputnik Azərbaycan
SİYASƏT
İlham Əliyev: "Status-kvo dəyişməlidir, yəni ki, Ermənistan, sən torpaqlardan çıxmalısan"

- Bilirsiniz, istənilən müharibə qəddarlıq, fədakarlıq, insanların əziyyəti, yaxınlarını itirməkdir. Lakin fərq ondadır ki, Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsidir. Heç kimə sirr deyil və bu faktı artıq beynəlxalq vasitəçilər də bilirlər ki, Dağlıq Qarabağ Ordusu adlandırılan bir şey mövcud deyil.

Bu gün Ermənistan tərəfinin bu cür adlandırdığı hərbi birləşmələrdə hərbçilərin 90%-i Ermənistan vətəndaşlarıdır. Onlar Ermənistanın hərbi komissarlıqları tərəfindən hərbi xidmətə çağırılır və Azərbaycanın işğal altında olan torpaqlarına – Ağdama, Füzuliyə, Cəbrayıla, Kəlbəcərə, Qubadlıya, Laçına, Zəngilana göndərilir. Sual – onlar orada nə edirlər? Bu gün Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərində Ermənistanın işğalçı qüvvələri var. Buna heç nə ilə haqq qazandırmaq olmaz: nə beynəlxalq hüquq baxımından, nə də insan əxlaqı baxımından. 30 il ərzində azərbaycanlıların ata-baba yurdlarına getməsinin qarşısını alan bir siyasət yürütmək mümkün deyil. Bu ərazilər erməni əhalisinin heç vaxt yaşamadığı ərazilərdir. Digər məsələ isə bundan ibarətdir ki, orada hər şey dağılıb və oraya qayıtmaq üçün xeyli sayda güc və vaxt sərf etmək lazımdır. Lakin bu mövqeyə heç cür haqq qazandırmaq olmaz. Ona görə də biz və bizim hərbçilər Azərbaycan torpağında döyüşür və həlak olur, Ermənistan hərbçiləri isə onların hökumətinin işğal altında saxlamaq istədiyi torpaqda ölürlər.

Tarixdəki rola gəldikdə isə, bilirsiniz, mən əvvəllər bu barədə heç düşünməmişəm, indi isə ümumiyyətlə. Mənim əsas məqsədim Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğum illər ərzində verdiyim vədlərə əməl etməkdir,  ölkəni inkişaf yolu ilə aparmaq və ərazi bütövlüyünü təmin etməkdir. Mənim rolumun gələcəkdə necə qiymətləndiriləcəyi isə artıq Azərbaycan xalqının iradəsindən, bizim nəyə nail olacağımızdan asılı olacaq. Ona görə də fikrimcə, bu məsələni Dağlıq Qarabağ məsələsi də daxil olmaqla bu və ya digər qərarları qəbul edərkən rəyi mənim üçün önəmli olan insanların öhdəsinə buraxmaq lazımdır.

- Cənab prezident, təşəkkür edirəm, mən planlaşdırdığım bütün suallarımı verdim. Bəlkə, özünüz başqa bir şey əlavə etmək istəyirsiniz?

- Mən bu imkandan istifadə etmək istəyirəm, yeri gəlmişkən, öz sözlərimi çoxmilyonlu Rusiya auditoriyasına çatdırmaq üçün bu imkana görə təşəkkür edirəm. İstərdim ki, Azərbaycanın mövqeyini daha çox adam başa düşsün.

Çünki bəzən münaqişə, onun tarixi, bugünkü vəziyyətlə bağlı fərqli fikirlər olur. Faktlara əsaslanaraq bizim tamaşaçıların diqqətində əslində nəyin olduğunu və nəyin baş verdiyini çatdırmaq istəyirəm. XIX əsrin əvvəllərində Qarabağ, Şuşa xanı İbrahimxəlil xan  general Sisyanovun təmsil etdiyi Çar Rusiyası ilə Qarabağ xanlığının Rusiyaya daxil olmasına dair müqavilə imzalayıb. Kürəkçay adlanan bu müqavilənin mətni internetdə yerləşdirilib, hər kəs onunla tanış ola bilər. Bu müqavilədə Qarabağ xanlığının erməni əhalisi barədə bir söz belə yoxdur. Erməni əhalinin bu regiona kütləvi şəkildə köçürülməsi 1813 və 1828-ci il iki Rusiya-İran müharibəsindən sonra başladı. Həmin vaxtdan etibarən müasir İran ərazisindən və qismən də Anadolunun şərqindən ermənilərin Qarabağ regionuna kütləvi şəkildə köçürülməsi başlandı. Bu, həmin ərazinin tarixən kimə məxsus olduğu barədə.

Rusiya imperiyasının dağılmasından sonra 1918-ci ildə Azərbaycan Demokratik Respublikası və Ermənistan müstəqil dövləti yarandı. Beləliklə, Azərbaycan Demokratik Respublikası bütün bu ərazilərdə yarandı. Üstəlik, Azərbaycan Demokratik Respublikasının yaranmasının elan olunmasından bir gün sonra Yerevan şəhərinin paytaxt olaraq Ermənistana verilməsi haqqında qərar qəbul etdi. Bu da tarixi həqiqətdir.

Prezident İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibəsi zamanı - Sputnik Azərbaycan
SİYASƏT
İlham Əliyev: "Biz axıra qədər gedəcəyik. Biz dayanmamışıq"

1921-ci ildə Qafqaz Bürosu bəzi yalançı tarixçilərin təfsir etdiyi kimi, Dağlıq Qarabağı Azərbaycana vermək yox, onun tərkibində saxlamaq barədə qərar verdi. Bu regionun tarixi bax belədir. SSRİ-nin dağılmasının başlanğıcında nələrin baş verdiyini isə məncə, hamı bilir. Axı SSRİ-nin dağılması da Dağlıq Qarabağdakı separatizmlə başladı. Bu bir növ tətik oldu. Axı bir çox insan bu mitinqləri kimin təşkil etdiyini, onların arxasında kimin olduğunu unudur. Mən tez-tez deyirəm ki, Paşinyan Sorosun məhsuludur. Hesab edirəm ki, mənimlə hamı razılaşacaq.

Lakin Soros artıq hətta bir şəxsiyyət də deyil, bu, anlayışdır. Mən həmin vaxtda böyük ölkəni məhv etmək üçün bu cür alətlərdən istifadə olunduğunu qətiyyən istisna etmirəm. İçəridən partlatmaq, nifaq toxumu əkmək, xalqları dalaşdırmaq və dövləti dağıtmaq. Və bu da baş verdi. Ona görə də sadəcə bu tarixi faktları Rusiya cəmiyyətinin diqqətinə çatdırmaq istəyirdim və demək istəyirdim ki, Azərbaycan və Rusiyanı çoxəsrlik dostluq, əməkdaşlıq və qarşılıqlı anlaşma bağları bağlayır. Mən əminəm ki, heç bir qüvvə buna təsir edə bilməz. Biz müxtəlif istiqamətlərdən münasibətlərə nifaq salmaq, bir növ inamsızlıq gətirmək cəhdlərini görürük. Lakin həm Rusiya, həm də Azərbaycan rəhbərliyinin ardıcıl siyasəti sayəsində biz münasibətlərimizdə nəinki geri çəkilmirik, əksinə, irəliləyirik.

Bu gün Rusiya və Azərbaycan bir-birilərini strateji tərəfdaş adlandırırlar. Əminəm ki, ölkələrimiz arasında qarşılıqlı əlaqələrin səviyyəsi istənilən qonşu ölkələr üçün nümunə ola bilər. Əminəm ki, münaqişənin hərbi fazası başa çatdıqdan və biz siyasi nizamlanmaya keçdikdən sonra - əgər Ermənistan tərəfi itirdiyi və ona məxsus olmayan əraziləri güc yolu ilə geri qaytarmaq cəhdlərini dayandırsa, biz bunu günü sabah etməyə hazırıq, - onda əminəm ki, Rusiya bundan sonra da bizim regionda sabitləşmə prosesində aparıcı rol oynaya bilər.

Ona görə də sizin kanal vasitəsi ilə bütün rusiyalılara salamlarımı, ən xoş arzularımı çatdırıram.

Ötən il bir milyon rusiyalı Azərbaycanı ziyarət edib. Ümid edirəm ki, pandemiyadan sonra bu dinamika bərpa olunacaq. Biz həmişə Rusiyadan olan qonaqlarımıza şadıq. Onlar da bilirlər ki, Azərbaycana gələndə özlərini evlərindəki kimi hiss edirlər.

Xəbər lenti
0