BAKI, 15 oktyabr — Sputnik. Rusiya Azərbaycan üçün strateji tərəfdaşdır, Moskva Dağlıq Qarabağdakı nizamlanmada aparıcı rolunu oynamağa davam edəcək. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan və Ermənistan liderlərinin Sputnik-ə paralel müsahibəsində "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova deyib.
"Bu gün Rusiya və Azərbaycan bir-birilərini strateji tərəfdaş adlandırırlar. Əminəm ki, ölkələrimiz arasında qarşılıqlı əlaqələrin səviyyəsi istənilən qonşu ölkələr üçün nümunə ola bilər. Əminəm ki, münaqişənin hərbi fazası başa çatdıqdan və biz siyasi nizamlanmaya keçdikdən sonra - əgər Ermənistan tərəfi itirdiyi və ona məxsus olmayan əraziləri güc yolu ilə geri qaytarmaq cəhdlərini dayandırsa, biz bunu günü sabah etməyə hazırıq - onda əminəm ki, Rusiya bundan sonra da bizim regionda sabitləşmə prosesində aparıcı rol oynaya bilər", – İlham Əliyev deyib.
Xatırladaq ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.
10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.
Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının xarici işlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.
Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.
Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacaqlar.
Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq ediblər.