Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 14 oktyabr — Sputnik. Bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Dövlət Televiziyasının avtomobilinin atəşə tutulması nəticəsində sürücü qəlpə yarası alıb.
Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva məlumat verib. O bildirib ki, sürücü Namiq Qəmbərov hadisə zamanı xəsarət aldığından xəstəxanaya yerləşdirilib: "Xoşbəxtlikdən, sürücü avtomobildə olmayıb. Amma hadisə zamanı sürücü qəlpə yarası alıb. Bununla belə, biz onu geri çağırsaq da o, işini davam edəcəyini söyləyib. Göründüyü kimi, Ermənistan dinc əhalini hədəfə aldığı kimi, Kütləvi İnformasiya Vasitələrinin (KİV) əməkdaşlarının da fəaliyyətinə ciddi mane törədir. Ermənistan tərəfin media işçilərini hədəfə alması onu göstərir ki, onlar humanitar atəşkəsi pozduqlarının, törətdikləri vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılmasına hər vəchlə mane olmağa çalışırlar".
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri tərəfindən Tərtərin atəşə tutulması nəticəsində Azərbaycan Dövlət Televiziyasının maşını atəşə tutulub. Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, nəticədə AzTV-nin sürücüsü yaralanıb.
Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.