BAKI, 13 oktyabr — Sputnik. “Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində zərər çəkmiş, dağıdılmış mülki obyektlər və yaşayış binalarının hamısı bərpa olunacaq, sökülüb yenidən tikiləcək”.
“Report” xəbər verir ki, bunu Gəncə şəhərində jurnalistlərə açıqlamasında Azərbaycanın Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.
Onun sözlərinə görə, bəzi insanlara evlər veriləcək və çəkdiyi zərərlər ödəniləcək: “Bununla bağlı Gəncə camaatının heç bir narahatlığı olmamalıdır”.
Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından 100 km kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini Ermənistan ərazisindən növbəti dəfə raket atəşinə tutub. İçərisində uşaq, qadın, ahıl insanların da yaşadığı çoxmənzilli binalarda 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16-sı qadın, 6-sı uşaq olmaqla 34 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.
Oktyabrın 12-də isə yaralı şəxslərdən biri, 1992-ci il təvəllüdlü Əliyeva Günay Zahid qızı müalicə olunduğu xəstəxanada vəfat edib.