BAKI, 10 oktyabr — Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) əhalini ətrafda gördükləri və onlara tanış olmayan əşyalara əl vurmamağa çağırıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bərdədə keçirilən brifinqdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin Əməliyyatlar üzrə meneceri Elnur Qasımov danışıb. O, deyib:
"Bizim qruplar dərhal əraziyə gedərək təmizlənmə işlərini həyata keçiriblər. Gördüyünüz kaset bombacıqların üzərindəki qırmızı lent xüsusilə azyaşlı uşaqların diqqətini çəkir. Oyuncağı xatırladan bu bombacıqlar uşaqları cəlb edir və biz maksimum tez bir zamanda ərazini təmizləməyə və bu əraziləri işarələməyə çalışırıq. Əhalinin oraya daxil olmasının qarşısı alınır".
O, bildirib ki, zərərsizləşdirmə prosesi zamanı aşkarlanan tapıntıların əksəriyyəti mülki ərazilər, yaşayış məntəqələri, otlaq ərazilərdədir.
E. Qasımovun fikrincə, düşmənin məqsədi yaşayış məntəqəsində infrastruktura ziyan vurmaqdı: "Buradan əhaliyə səslənirik. Ətrafda tanımadıqları əşyalar, obyektlər gördüklərində qətiyyən əl vurmamağa, aidiyyəti üzrə məlumat verməyə çağırırıq".