BAKI, 10 oktyabr — Sputnik. Bu gün saat 12:00-dan atəşkəs rejiminin başlanmasının elan edilməsinə baxmayaraq, cəbhədə hələ də atəş səsləri eşidilməkdədir.
Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycanın Müdafiə Nazirliyi Tərtər və Ağdam rayonlarının ərazisinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduğunu xəbər verib.
Xatırladaq ki, bu gün saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərшт, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur.
Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.
Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.
Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacaqlar.
Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq ediblər.