BAKI, 10 oktyabr — Sputnik. Bu gün Gürcüstanın Marneuli rayonunun mərkəzində Azərbaycana dəstək mitinqi keçirilib. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, "Qarabağ Azərbaycandır!" şüarı altında keçirilən aksiyaya Marneuli ilə yanaşı, Tbilisi, Rustavi şəhərləri, Qardabani, Bolnisi, Dmanisi və digər bölgələrdə yaşayan soydaşlarımız da qatılıb.
Kütləvi mitinq iştirakçıları Azərbaycan dövləti və Ordusunun ünvanına "Azərbaycan var olsun, düşmənləri kor olsun!", "Yaşasın Azərbaycan əsgəri!", "Eşq olsun Azərbaycan Ordusuna!" kimi dəstək şüarları səsləndiriblər. Onlar əllərində Azərbaycan, Türkiyə və Gürcüstan bayraqları tutublar.
Aksiya iştirakçıları Azərbaycanın haqq işi uğrunda mübarizə apardığını, bu işdə Gürcüstan azərbaycanlılarının Azərbaycan xalqının yanında olduğunu bildiriblər. Aksiyada çıxış edən Azərbaycan icmasının üzvləri ölkəmizdən növbəti zəfər xəbərlərini gözlədiklərini qeyd ediblər. Azərbaycanın işğal altında olan bütün torpaqlarının tezliklə azad olunacağına əminlik ifadə ediblər.
Qeyd edək ki, bugünkü mitinq Gürcüstanda Azərbaycana dəstək məqsədilə keçirilən sayca 4-cü aksiyadır.