BAKI, 8 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də törətdikləri növbəti hərbi təxribatın qarşısını qətiyyətlə alan Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlayaraq işğal olunmuş Azərbaycan torpaqlarını uğurla azad edir. Ordumuzun qısa müddətdə əldə etdiyi ardıcıl qələbələr xalqımızın döyüş ruhunun daha da yüksəlməsinə səbəb olmaqla, xalqımızı bir yumruq kimi düşmənlə istər ön, istərsə də arxa cəbhədə mübarizəyə kökləyir.
Hamı bacardığı qədər əsgərlərimizə yardım etməyə can atır. Kimi yardımlar toplayıb aparır, böyük şirkətlər, idarə və nazirliklər isə Silahlı Qüvvələrə Yardım Fonduna yardım edir. "Aviation Services Group"un (ASG) əməkdaşları da əməkhaqlarından Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürüblər.
Bu barədə Sputnik Azərbaycan-a "Aviation Services Group"-dan məlumat verilib.
Bildirilib ki, qurum Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 500 min manat məbləğində vəsait köçürüb.
Fövqəladə Hallar Nazirliyi də Silahlı Qüvvələrə Yardım Fonduna yardım edib. Nazirliyin əməkdaşları fonda 305 min manat vəsait köçürüblər.
Qeyd edək ki, FHN-in əməkdaşları davamlı olaraq könüllü surətdə Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürürlər.
"AzerGold" QSC-nin əməkdaşları bir aylıq vəzifə maaşı məbləğində vəsaiti könüllü olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə ediblər. Bununla yanaşı, ötən həftə Cəmiyyət tərəfindən Silahlı Qüvvələrə tələbata uyğun zəruri əşyalardan ibarət bir neçə yük maşını da cəbhənin müxtəlif istiqamətlərinə yola salınıb. Cəmiyyət bu yöndə lazım olan fəaliyyətləri davam etdirəcək.
"Ovçular Cəmiyyəti"nin rəhbəri Füzuli Əşrəfov da Silahlı Qüvvələrinə Yardım Fonduna yardım edib.
Qeyd edək ki, www.asanpay.az portalından "Silahlı Qüvvələrə Yardım Fondu" bölməsinə daxil olaraq öz dəstəyinizi göstərə bilərsiniz.