Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 7 oktyabr — Sputnik. Şəkinin Baş Küngüt kəndinin yaşlı sakini Hikmət Musayevin öz təqaüdündən 180 manat Silahlı Qüvvələrə Yardım Fonduna ianə etməsi dünəndən bəri sosial şəbəkələrdə geniş rezonans doğurub. “ASAN Xidmət”in əməkdaşı Orxan Cəfərovun sosial şəbəkədə Hikmət Musayevlə bağlı paylaşımı isə hər kəsi riqqətə gətirib. Belə ki, Hikmət Musayevin ayağındakı nimdaş çəkməsi “ASAN Xidmət”in əməkdaşlarının diqqətindən yayınmayıb. Buna rəğmən babanın ordumuza 180 manat yardım etməsi hər kəsi heyrətləndirib.
Sputnik Azərbaycan bu davranışı ilə hər kəsə örnək olan Şəkinin Baş Küngüt kənd sakini Musayev Hikmət Məhərrəm oğlu ilə söhbətləşib.
Hikmət baba Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, orduya yardım etdiyi 180 manatı öz halal təqaüdündən yığıb:
"180 manatı təqaüdümdən xırda-xırda yığıb saxlamışdım. Niyyətim pulu yığıb ordumuza dəstək olmaq idi. Bu, lazımlı işdir. Niyə bizim uşaqlar erməni tapdağı altında qalsınlar ki? Burada təəccüblü heç nə yoxdur. Borcumdur, ürəyimdən gəlib, eləmişəm. O pulu az-az yığmışam. Yoxsa indi pensiyanı almaq vaxtı deyil".
H.Musayev ayda 230 manat pensiya aldığını bildirdi: "Mənim aylıq pensiyam artımdan sonra 230 manat olub. Allah əsgərlərimizi qorusun. Prezidentimizi qorusun. Türkiyəyə də Azərbaycana dəstəyə görə təşəkkür edirəm".
Hikmət baba ayaqqabısının yırtıq olmasına rəğmən orduya ianə etməsinə təəccüblənənlərə isə belə cavab verib: "İndi ayaqqabı almağın vaxtı deyil. Əsgərlərimizi düşünmək lazımdır. Canınız sağ olsun, belə şeylərə fikir verməyin", deyə bildirib.
Qeyd edək ki, öz təqaüdündən ordumuza ianə edən Hikmət babanın bu davranışı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) də diqqətindən yayınmayıb. Nazirliyin əməkdaşları H. Musayevlə görüşüb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, H. Musayevə Nazirliyin fərqli strukturlarının xidmətləri göstəriləcək: "Həmçinin onun həyat şəraitinin yaxşılaşdırılması üşün əlimizdən gələni edəcəyik. Bu kənddə camaat ordumuza çox kömək edir. Bu məcburiyyət və göstərişlə deyik, ürəkdən gələn istəkdir. Biz Hikmət babaya bank hesabı açdıracağıq ki, kim ona kömək etmək istəsə, etsin. Artıq bizə bununla bağlı böyük şirkətlərdən zənglər gəlir".
“ASAN Xidmət”in əməkdaşı Orxan Cəfərov Hikmət baba ilə bağlı sosial şəbəkədə bunları yazıb: "Bu gün səhər iş yenicə başlamışdı ki, bir qoca baba yaxınlaşdı mərkəzə. Hansı xidmətə gəldiyini soruşdum, dedi ki, cəbhədəki əsgərlərimizə yardım etməyə gəlmişəm, 180 manat pulum var, bunu onlara vermək istəyirəm”.
"Donuq ifadə ilə ağsaqqal kişinin üzünə baxanda qayıtdı ki, azdır? Dedim, "ay baba, sənin ürəyinə qurban olum, az deyil, dünya qədərdir..."
Növbəsini götürüb xidmət pəncərəsinə yaxınlaşanda ayağındakı ayaqqabıları ürəyimi dağladı. Hər iki ayaqqabısı ortadan bölünmüşdü. Amma nə qədər böyük ürəyi vardı ki, bu yağışlı, soyuq havada ayağına ayaqqabı almağa qıymayıb əsgər balalarına ianə göndərirdi...
Sonda "Əsgərə məktub" da yazıb getdi. Pulu ödədikdən sonra babanın üzündəki qüruru görməyə dəyərdi...”
Sosial şəbəkədə qeyd edilib ki, həmin ağsaqqal Şəkinin Baş Küngüt kənd sakini Musayev Hikmət Məhərrəm oğludur. Xeyriyyə işlərinə vasitəçilik edən aktiv gənclər Facebook-da yazıblar ki, ayqqabısı köhnə, yırtıq olduğu halda, orduya 180 manat yardım edən Hikmət Musayevin bu yaxşılığının əvəzini ödəmək niyyətindədirlər. “O, orduya 180 manat pul köçürüb, biz bu məbləği 10-a vurub özünə qaytaracağıq. Biz bunu belə qalmağa qoyarıq, onun köhnə ayaqqabıda qalmasına izn verərik? Qətiyyən. Hamımız birimiz, birimiz hamımız üçün. Qarabağ Azərbaycandır!” - deyə gənclər qeyd ediblər.