BAKI, 7 oktyabr — Sputnik. Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi əks-hücum əməliyyatı zamanı itkilərini az da olsa etiraf etməyə başlayıb. Sputnik Ermənistan xəbər verir ki, ermənilər daha 40 hərbçilərinin Azərbaycan tərəfindən zərərsizləşdirildiyini bildirib.
Bununla da Ermənistan tərəfindən rəsmi olaraq ölən hərbçilərin sayı 280-ə çatıb. Məlumatda, həmçinin qeyd olunur ki, ermənilərin xeyli sayda yaralı hərbçisi var. Lakin onların sayı açıqlanmır.
Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.
Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.