Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 5 oktyabr — Sputnik. İnsanlıq tarixinin ən dəhşətli üzü müharibədir. Qorxunc səhnələr, faciələr bir ömür boyu yaddaşlardan silinmir. Bu canlı, qanlı tarixin şahidləri isə yalnız insanlar deyil.
Laçın Rayon Mərkəzi Xəstəxanasının Təcili və Tibbi Yardım Xidmətinə məxsus, 30 ildən artıq yaşı olan ambulans 2 ildən çox müddətdə müharibədə istifadə edilib, yüzlərlə yaralı və şəhid daşıyıb. Azərbaycanın tanınmış jurnalisti Salatın Əsgərova da şəhid olduqdan sonra məhz bu ambulansla gətirilib.
Laçın Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinin müdiri Orxan Cəbrayıl Sputnik Azərbaycan-a bu ambulansın tarxiçəsindən danışıb: "Bizim xəstəxana hazırda Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində yerləşir. 90-cı illərdə müharibəyə göndərilən, şəhid və yaralılarımızı daşıyan həmin ambulans o zamanlar Laçın Təcili Tibbi Yardım Xidmətinin balansında olub. Müharibə vaxtı isə bu ambulans orduya, Laçın alayının balansına verilib. Bu avtomobil müharibədən qayıtdıqdan sonra yenidən xidmət üçün xəstəxanaya qaytarılıb".
Orxan Cəbrayıl deyir ki, hazırda da işlək vəziyyətdə olan ambulans Daşaltı əməliyyatı zamanı yaralıların çıxardılaraq Bakıya, xəstəxanaya gətirilməsində də iştirak edib. Bundan başqa, 1993-cü ildə Laçının şimalında 40 kəndin azad olunmasında da xidməti olub və yaralıları xəstəxanaya məhz bu ambulansla daşıyıblar: "Müharibə zamanı avtomobilin mühərrikində problem yarandığından sonradan ona başqa bir maşının mühərriki qoyulub və bu səbəbdən ambulans dövlət nömrə nişanı ala bilməyib və əvvəlki nömrə ilə xidmət göstərir. Hazırda avtomobil daxili ərazidə, kənara çıxmamaqla xidmət göstərir. Bizdə iki belə ambulans var. Bu avtomobili də bacardığımız qədər qoruyub saxlamağa çalışırıq. Bu səbəbdən də həmin avtomobili ancaq 5 gündən bir xidmətə çıxarırıq".
O.Cəbrayılın sözlərinə görə, 1988-ci ildən xidmətdə olan avtomobil bu günədək bir dəfə də olsa estetik təmir olunmayıb. Avtomobilin yalnız müharibədə zədə görən hissələri rənglənib.
"Budəfəki döyüşlərdə də bu avtomobilin xidməti nəzərdə tutulurmu?" sualına cavab olaraq isə bildirilib ki, müasir ambulanslar üstünlük təşkil etdiyindən lazım olduqda xidmət üçün onlar göndərilir: "Bizim balansımızda da başqa avtomobillər var, hansı ki, qeydiyyata alınıb və ehtiyac olduqda onlar da ordunun balansına veriləcək. Qeyd edim ki, bu avtomobildə hər hansı nasazlıq yoxdur, tam işlək vəziyyətdədir. Amma onu da vurğulayım ki, zamanla yeni ambulanslar verilib, bundan sonra da veriləcək, lakin biz bu avtomobili xidmətdən çıxartmayacağıq. Çünki avtomobil xidmət göstərmədikdə daha tez sıradan çıxır, yararsız olur".
Söhbət əsnasında öyrənirik ki, müharibə şahidi olan, bəlkə də yüzlərlə canın xilas olmasında aparıcı rol oynayan bu ambulansın ilk sürücüsü Sultan Fətullayev olub. O, həmçinin müharibə illərində də həmin ambulansın yeganə sürücüsü olub. Müharibə illərində 70 yaşı olan və böyük əzmlə tibbi heyətin tərkibində müharibədə iştirak edən S.Fətullayev 1997-ci ildə dünyasını dəyişib. Oğlu Mirheydər Fətullayev elə 1997-ci ildən eyni avtomobili idarə edir və atasından qalan bu yadigarı göz bəbəyi kimi qoruyub saxlayır.
Laçın Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinin sürücüsü Mirheydər Fətullayev deyir ki, müharibə gedən vaxtı onun 29 yaşı olub. Müharibədə iştirak edən həmsöhbətimiz deyir ki, 1992-ci il mayın 11-dək bu avtomobil polis batalyonunda olub. 1993-cü ilin sentyabrından avtomobil yenidən onların bazalarına qaytarılıb: "Atam 1933-cü ildə doğulub, o, 1962-1997-ci illərdə Laçın Rayon Mərkəzi Xəstəxanasında sürücü olaraq çalışıb".
Həmin dövrdə Laçın Rayon Təcili Yardım şöbəsinin müdiri Zahid Əhmədov olub. O, müharibə başlayanda könüllü olaraq Laçın alayında zabit, hərbi həkim kimi xidmət göstərib, eyni zamanda da Könüllülər Alayının Tibbi Xidmət rəisi olub. Hazırda Laçın Rayon Mərkəzi Xəstəxanasının baş həkimi olan həmsöhbətimiz Şuşa əməliyyatlarında da yaralılara yaxından köməklik edib: "Bizim təcili yardım briqadasının ambulansları, bəlkə də hər dəfə ən azı 50 reys edib yaralı və dünyasını dəyişənləri xəstəxanaya çatdırıb. Bəlkə də 500-dən çox yaralı və şəhidi oradan götürmüşük. Bu ambulans eyni zamanda Qubadlıya yaralıların daşınması əməliyyatında da iştirak edib. Çünki Laçın vurulduğundan yaralılar Qubadlı xəstəxanasına aparılırdı. Oradan da helikopterlə ağır xəstələr Bakıya çatdırılırdı".
"Laçından Qubadlıya gedən yolun üstündə yerləşən, təzə salınmaqda olan "Qayğı" adlı qəsəbə var idi. Bizim ordumuz həmin qəsəbədə ermənilərin "Timsah" adlanan iki helikopterinin hücumuna məruz qalmışdı. İki ağır yaralı əsgərimiz oldu, həmin yaralılar da bu ambulansla məhz Qubadlıya çatdırıldılar. Hadisələr çoxdur, bəlkə də yüzlərlə belə hadisə baş verib və bu ambulans da həmin o hadisələrə şahidlik edib", - deyə Z.Əhmədov əlavə edib.
O illəri yada saldıqca kövrələn həmsöhbətimiz müharibə illərində 23-24 yaşlarında olub: "Biz Sultan kişi ilə birgə bu ambulansla cəbhə bölgəsinə yollanan jurnalistimiz Salatın Əsgərovanı gətirməyə getmişdik. Onun da olduğu avtomobil vurulmuşdu. Biz oraya çatanda artıq Salatın Əsgərova şəhid olmuşdu".
Füzuli, Ağdərə, Qubadlı, Zəngilan, Cəbrayıl istiqamətində gedən döyüşlərdə də yaxından iştirak edən həmsöhbətimiz müharibəyə yollanmaq üçün könüllü olaraq müraciət edib və əmr gözləyir: "Yaşım 56 olsa da, yenə də döyüşlərə getməyə hazıram və müraciət etmişəm, çağırılsam, gedəcəyəm. Qardaşlarım, qardaş balalarım orada döyüşür, mən isə burada oturmuşam, sümüklərim sızıldayır".