BAKI, 3 oktyabr — Sputnik. Türkiyədə Amasya şəhərinin simvolu olan Harşena dağı Azərbaycana dəstək olaraq mavi, qırmızı və yaşıl rənglərə bürünüb. Sputnik Azərbaycan xəbər verir ki, Amasya Valiliyi və Bələdiyyəsi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalından sonra aparılan əməliyyatları dəstəkləmək üçün "Harşena Dağı və Harşena Qalası"nın yerləşdiyi dağı Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıb. Dağın mərkəzində Türkiyə və Azərbaycan bayraqları əks olunub.
Xatırladaq ki, bundan əvvəl Türkiyənin İzmir şəhərində saat qülləsi Azərbaycan bayrağı rəngləri ilə işıqlandırılıb. Bundan başqa, Azərbaycana dəstək məqsədilə İstanbulun simvollarından olan Qalata qülləsi və ankaradakı "TOBB" əkiz qüllələri bu axşam vizual olaraq Türkiyə və Azərbaycan bayraqlarına bürünüb.