QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Cəbhə jurnalistlərinin təhlükəsizliyi necə təmin olunub?

© AFP 2024 / LOUAI BESHARAЖурналист, фото из архива
Журналист, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Cəbhəyə ezam olunmuş bütün əməkdaşlarımızın formaları var, onlar sırf qoruyucular vasitəsilə hərəkət edirlər"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 2 oktyabr — Sputnik. Müharibə şəraitində cəbhədə baş verən hadisələrin daha operativ və dolğun şəkildə ictimaiyyətin diqqətinə çatdırılmasında, əhalinin məlumatlandırılmasında KİV-in üzərinə böyük məsuliyyət düşür. Artıq bir neçə KİV öz əməkdaşlarını cəbhə bölgəsinə ezam edib. Sputnik Azərbaycan son günlər sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilmiş məsələni, cəbhə bölgəsinə ezam olunmuş jurnalistlərin həyati təhlükəsizliyi üçün görülmüş tədbirləri araşdırıb.

"APA Holding" MMC-nin prezidenti Vüsalə Mahirqızı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, holdinq cəbhə bölgəsinə ezam edilmiş əməkdaşlarının təhlükəsizliyi üçün bütün zəruri tədbirləri görüb: "Biz cəbhə bölgəsində çalışan əməkdaşlarımızı lazımi geyimlərlə təmin etmişik. Onlar hazırda daha çox təhlükəli olan, amma dinc əhalinin yaşadığı bölgələrdə baş verən dağıntıları çəkirlər. Ona görə də biz həmin əməkdaşlarımızı yüngül geyim formaları ilə təmin etmişik. Tam ön cəbhə üçün isə geyimlər sifariş etmişik. Yaxın günlərdə onları da əldə edib göndərəcəyik. Cəbhəyə ezam olunmuş bütün əməkdaşlarımızın formaları var, onlar sırf qoruyucular vasitəsilə hərəkət edirlər".

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu da Sputnik Azərbaycan-a açıqlamasında cəbhə bölgəsinə ezam olunmuş əməkdaşlarının qoruyucu jilet və dəbilqə ilə təmin edildiyini söyləyib.

"Baku TV"nin Xəbər departamentinin rəhbəri Səma Camal isə altı əməkdaşın cəbhə bölgəsinə ezam edildiyini söyləyib. O bildirib ki, bütün əməkdaşları qoruyucu geyimlərlə təmin ediliblər.

Elə cəbhə bölgəsindəki müxbirlər də təhlükəsizlikləri üçün bütün tədbirlərin görüldüyünü təsdiqləyirlər. APA TV-nin cəbhə bölgəsinə ezam olunmuş müxbiri Elvin Paşazadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq beş gündür, çəkiliş qrupu cəbhəyanı ərazilərdədir: "Cəbhə bölgəsində müxbir olaraq fəaliyyət göstərmək təhlükəli olsa belə, qürurludur. Bizim təhlükəsizliyimiz üçün hər bir tədbir görülüb. Qoruyucu jilet və dəbilqələrimiz var. Burada Müdafiə Nazirliyinin nümayəndəliyinin təhlükəsizliklə bağlı tövsiyələri əsasında işləyirik. Biz əlbəttə ki, bu şəraitdə qoruyucu geyimlər olmadan çəkilişlər edə bilmərik. Çünki, erməni təxribatçıları mülkü əhali, uşaq, böyük tanımır. Hətta bağçaları, xəstəxanaları belə hədəf alırlar. Belə bir şəraitdə jurnalistlərin də işləməsi təbii ki, çətindir. Biz buraya gələndən üç dəfə təhlükə ilə üzləşmişik. Ermənilər media nümayəndələrini də atəşə tuturlar. Çünki, onlar dinc sakinlərə qarşı törətdikləri vəhşiliklərin çəkilib göstərilməsini, bundan dünya ictimaiyyətinin xəbər tutmasını istəmirlər".

E.Paşazadə deyir ki, güllə səsləri, mərmi partlayışları altında müxbir kimi fəaliyyət göstərmək təhlükəli olsa belə, cəbhəyanı kəndlərdə əhalinin əzmi onlara güc verir:

"Biz cəbhə bölgəsinə gedirik, reportajlar edirik. O insanların əzmini görüb daha da ürəklənirik. Reportajlara getdikdə cəbhəyə ən yaxın qəsəbələrdə oluruq, gözümüzlə görürük ki, insanlar təhlükəyə baxmayaraq evlərində yaşayırlar. Deyirlər ki, bu gün biz geri çəkilsək, orduda ruh düşkünlüyü olar. Hətta elə evlər var ki, qonşunun evinə mərmi düşüb, buna rəğmən həyat öz axarında davam edir. Biz də bunları görüb daha da güclü oluruq".

"Yeni Müsavat" qəzetinin əməkdaşı İlkin Muradov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, cəbhə bölgəsinə ezam olunan gündən onlara redaksiya tərəfindən kaska və qoruyucu jilet verilib: "Biz  reportaj hazırlayanda təhlükəsizliyimizi bununla təmin etməyə çalışırıq. Jurnalistlərə atəşə tutulan kəndlərə girməyə icazə verilmir. Amma iki gün öncə Horadiz şəhərinə erməni hərbiçilərinin top mərmisinin atması nəticəsində bir mülkü şəxs dünyasını dəyişdi. Biz həmin hadisədən iki saat öncə  Horadiz şəhərindən reportaj hazırlamışdıq. Biz şəhərdən çıxandan bir neçə saat sonra həmin əraziyə top mərmisi atıldı. Burada sağ qalmaq həm də bir şans məsələsidir. Çünki, qarşı tərəf dinc əhalini də hədəfə alır.  Top mərmisi iki yüz metr kənara düşsə  belə, istər-istəməz hər bir insanı həyəcanlandırır. Biz 2012-cü ildən cəbhə bölgəsindən reportajlar hazırladığımızdan, özünümüdafiə ilə bağlı əldə etdiyimiz təcrübədən bu gün də istifadə edirik".

 

Xəbər lenti
0