BAKI, 2 oktyabr — Sputnik. Malayziya İslam Təşkilatı (MAPIM) Məsləhət Şurası Ermənistanın Azərbaycan ərazilərindəki mülki şəxsləri hədəf alan, beynəlxalq hüquqa və Dağlıq Qarabağdakı atəşkəs rejiminə zidd hücumlarını pisləyib.
Sputnik Azərbaycan-ın Türkiyənin Anadolu Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, MAPIM prezidenti Mohd Azmi Abdul Hamid yazılı açıqlamasında Azərbaycan və Ermənistan arasındakı münaqişənin beynəlxalq konsensus yolu ilə həll edilməli olduğunu vurğulayaraq deyib:
"Dinc əhaliyə zərər verəcək hərbi münaqişələrdən çox, sülh danışıqlarının aparılmasının vacibliyinə inanırıq. Qarabağdakı işğala cavab olaraq, xeyli sayda azərbaycanlının yaşadığı torpaqları zəbt edən erməni silahlılarının vəziyyəti daha da pisləşdirməsinə icazə verilməməlidir!"
Ermənistanın bölgədə ən az 30 min insanın ölümünə və yüz minlərlə insanın evlərindən qovulmasına səbəb olduğunu vurğulayan Mohd Azmi 1994-cü ildə beynəlxalq səylər nəticəsində əldə edilən atəşkəsin yenidən bərpa olunmasının vacibliyini vurğulayıb. O, tərəfləri maksimum təmkinli olmağa çağırıb.