BAKI, 30 sentyabr — Sputnik. Tonaşendə yerləşən erməni taborunun şəxsi heyəti müdafiə mövqelərini tərk edərək qaçır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinən daxil olan məlumatda bildirilir
"Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağatıcı alayının 2-ci taborunun şəxsi heyəti ağır itkilərə məruz qalaraq müdafiə mövqelərini özbaşına tərk edərək qaçır", - deyə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur.
Qeyd edək ki, Tonaşen kəndi Ağdərə rayonunun tərkibində olub. Ağdərə ermənilər tərəfindən işğal edildikdən və Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra Tərtər rayonunun ərazisinə düşüb. Kənd erməni silahlı qüvvələrinin işğalı altındadır.
Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.
Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.
Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.
Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz - Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı işğaldan azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.