BAKI, 29 sentyabr — Sputnik. Düşmənin əks-hücum cəhdi dəf edilib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məlumat verib.
O bildirib ki, Füzuli rayonunun işğal altında olan Aşağı Veysəlli kəndi istiqamətindən üzbəüz mövqelərimizə basqın etməyə cəhd göstərən Ermənistan ordusunun hərəkətinin qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınıb və düşmən geri çəkilməyə məcbur edilib.
Geri çəkilərkən məhv edilmiş erməni əsgərlərinin meyitləri döyüş meydanında qalıb.
Qeyd edək ki, sentyabrın 29-u səhər saatlarından etibarən Füzuli şəhərinin azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir.
Səhər saat 07.00-08.00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən məhv edilib.
Hazırda döyüşlər davam edir.