BAKI, 29 sentyabr — Sputnik. “Ermənistan ordusuna məxsus Su-25 təyyarəsinin vurulması erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır”.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.
"Erməni KİV-nin Ermənistan ordusuna məxsus Su-25 təyyarəsinin guya F-16 qırıcısı tərəfindən vurulması barədə yaydığı məlumat yalandır və erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır. Erməni tərəfinin yaydığı bu tip məlumatlar təxribat xarakteri daşıyır və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə yönəlib".
Qeyd edək ki, Bloomberg Ankaranın da bu faktı təkzib etdiyini yazıb. Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Türkiyənin F-16 qırıcısının Ermənistana məxsus Su-25 təyyarəsini vurması barədə İrəvanın yaydığı məlumatın yalan olduğunu bildirib.