Mərminin düşdüyü evlər tamamilə yararsız vəziyyətdədir. Sputnik Azərbaycan-ın bölgə müxbiri Tərtər şəhərində dağılmış evləri lentə almağa müvəffəq olub.
Yerli sakinlər xəsarət alıblar, amma evlərini tərk etmək fikrində deyillər. Onlar Azərbaycan ordusuna güvənir və işğal altında olan bütün torpaqlarımızın azad ediləcəyinə inanırlar.
Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Goranboy və Daşkəsən rayonunun bir neçə kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olanlar və yaralananlar var, o cümlədən çoxsaylı ev və mülki obyektlərə külli miqdarda ziyan dəyib, həmçinin, xırda və iribuynuzlu heyvan və təsərrüfat təyinatlı məntəqələr, eləcə də nəqliyyat vasitələri məhv edilib.
Hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib. Növbəti dəfə toplarla atəş nəticəsində Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü həlak olub.