BAKI, 20 sentyabr — Sputnik. Rusiyanın Tümen əyalətinin Leninski rayonunda beşmərtəbəli yaşayış binasında partlayış baş verib. Partlayışa səbəb qaz sızması olub.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə regional Səhiyyə İdarəsi məlumat yayıb.
Məlumata görə, partlayış binanın 2-ci mərtəbəsində olub. Hadisə nəticəsində 2 nəfər yaralanıb, 2 mənzil yararsız hala düşüb və 2 qonşu balkon uçub..
Yaralılar termik yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Tümen regional şöbəsindən verilən məlumata görə, binada olan 75 nəfər təxliyə olunub. Sakinlərin müvəqqəti olaraq oteldə yerləşdiriləcəyi bildirilir.
Hadisə yerində FHN-in altı ədəd texnikası və 14 əməkdaşı işləyir. Binanın daşıyıcı konstruksiyaları zədələnməyib.