BAKI, 4 sentyabr — Sputnik. "Beynəlxalq Ordu Oyunları – 2020" çərçivəsində Moskvada keçirilən "Sərhədsiz dostluq" Milli Mədəniyyətlər festivalının mahnı və rəqs müsabiqələrində Azərbaycanı Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı təmsil edib.
Sputnik Azərbaycan xəbər verir ki, festivalda hərbçilər təmsil etdikləri ölkələrin və dünya xalqlarının mahnı və marşlarını, rəqslərini ifa ediblər.
Hərbçilərimizin ifasında təqdim edilən milli hərbi marşlar, o cümlədən Azərbaycan xalq çalğı alətlərinin sədaları altında milli geyimlərdə rəqslər münsiflər heyətinin və tamaşaçıların rəğbətini qazanıb.
Festivalda uğurla çıxış edən Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı "Qızıl səs" vokal nominasiyası üzrə birinci, "Rəqs ritmləri" nominasiyası üzrə isə ikinci yerə layiq görülüb.