BAKI, 1 sentyabr — Sputnik. Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların Monteneqro tərəfindən dəstəklənməsi səhv idi.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Monteneqronun Gələcəyi Uğrunda" müxalifət koalisiyasının lideri Zdravko Krivokapiç seçkidən və digər qüvvələrlə parlament əksəriyyətinin yaradılmasına dair müqavilədən sonra RİA Novosti-yə bildirib.
"Biz kiçik dövlətik və qlobal səviyyədə istəsək də heç bir təsirə malik ola bilmərik. Kimin biçdiyi və kimin su daşıdığı məlumdur (serb atalar sözü - red.), odur ki, bu cür kiçik dövlətin Rusiya Federasiyasına qarşı sanksiyaları tətbiq edən ilk dövlət olması qəbuledilməzdir", - müxalifət lideri bildirib.
Onun sözlərinə görə, sanksiyalar iqtisadi itkilərə səbəb olub.
"Xatırladım ki, biz "Plantaze" şərabını ixrac edirdik, turist qismində isə Serbiya, Bosniya və Herseqovina və Rusiyadan olan qonaqlar üstünlük təşkil edirdilər", — Krivokapiç vurğulayıb.
Ən böyük müxalifət koalisiyasının lideri həmçinin qeyd edib ki, Rusiya "tarixi əlaqələrə və ölkənin iqtisadiyyatına verdiyi töhfələrinə görə Monteneqro ilə ən yaxşı münasibətlərə layiqdir".
Monteneqroda parlament seçkisi avqustun 30-da keçirilib. İlkin məlumatlara görə, müxalifətə 30 ildə ilk dəfə Prezident Milo Cukanoviçin hakim Demokrat Sosialistlər Partiyasına (YPX) nisbətən daha çox seçici səs verib.