BAKI, 30 avqust - Sputnik. ABŞ Prezidenti Donald Tramp özünün keçmiş milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinnə Rusiya lideri Vladimir Putinin ona zəng etdiyi haqda xəbər vermədiyinə görə bağırıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Newsweek yazıb.
Qəzetin məlumatına görə, Böyük Britaniyanın keçmiş baş naziri Tereza Meyin qərargahının başçısı Nik Timoti hadisəni belə nəql edib: 2017-ci ildə Ağ Evdə Britaniya nümayəndələri ilə rəsmi görüş zamanı kimsə xatırladıb ki, Putin yaxınlarda Amerika liderinə zəng edib, bundan sonra Tramp Flinnə bağırıb.
“Gerçəkdən, qışqırırdı. Bu, rəsmi ziyafət zamanı idi – qulluqçular, gözəl xörək dəstləri... O isə masanın bir başından ona tərəf necə lazımdır, bağırırdı”, - Timoti deyib.
Keçmiş məmurun sözlərinə görə, bundan sonra Tramp əlavə edib: “Əgər Putin danışmaq istəyirsə, sadəcə məni onunla calaşdır”.
Ehtiyatda olan general-leytenant Maykl Flinn 2017-ci il yanvarın 20-dən fevralın 13-dək ölkə prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri olub. O, Rusiyanın ABŞ-dakı keçmiş səfiri Sergey Kislyakla söhbətlərinin məzmununu tam açıqlamadığı ittihamlarından sonra istefa verib. KİV xüsusi xidmətlərə istinadən iddia edirdi ki, o, diplomatla ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının aradan qaldırılmasının mümkünlüyünü müzakirə edirmiş. Ancaq müşavir bunları təkzib edib. Kremldən isə bildirilib ki, Flinnlə Kislyak söhbət ediblər, ancaq onun məzmunu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.