BAKI, 12 avqust — Sputnik. Koronavirusa qarşı peyvənd yaxın günlərdə mülki dövriyyəyə daxil olacaq. Bu vaksin ilkdir və təbii olaraq insanları peyvənddən koronavirusa yoluxma riski maraqlandırır.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə biologiya elmləri namizədi, Q.N.Qabriçevski adına Moskva Epidemiologiya və Mikrobiologiya elmi-texniki institutunun klinik mikrobiologiya və biotexnologiya laboratoriyasının rəhbəri Andrey Alyoşkin danışıb.
A.Alyoşkinin sözlərinə görə, peyvənd tez bir zamanda yarandı, çünki onun yaradılması üçün bütün şərtlər var idi.
"Bu gün Qamaleya İnstitutunun mütəxəssisləri Ebola və MERS peyvəndi haqqında məlumatlara əsaslana bilərlər. Onlarda iki il müddətində peyvənd edilmiş şəxslərin vəziyyəti barədə məlumatlar var. Ən azı, bu dövr ərzində xəstəlikdən müdafiə immun sisteminin hüceyrə və humoral zənciri nöqteyi-nəzərindən COVID-19-dan bir profilaktika qismində SARS-CoV-2 virusuna qarşı davamlı olacaq", - deyə Alyoşkin bildirib.
Həkim əlavə edib ki, yaxın illərdə virus ştammı dəyişsə də, elm adamları ən qısa müddətdə yeni bir peyvənd hazırlaya biləcəklər.
A.Alyoşkin peyvənddən xəstələnməyin mümkünlüyü barədə narahatlıqlara da aydınlıq gətirib.
Onun fikrincə, istənilən peyvəndin əks-təsirləri - baş ağrısı, temperaturun qalxması, peyvəndin vurulduğu nahiyədə ağrı və s. - var.
"Ancaq vaksinasiyadan kəskin infeksiyaya yoluxmaq mümkün deyil və bu müşahidə edilən əlamətlərin COVID-19-a heç bir aidiyyatı yoxdur", - deyən ekspert bildirib ki, bütün əks-təsirlər bir neçə gün ərzində keçib gedir.
Yeri gəlmişkən, qeyd edək ki, koronavirusa qarşı peyvənd edilən gün alkoqollu içki qəbul edilməsi qadağandır. Alkoqollu içkilər peyvəndin təsirlərini azalda bilər.
Bu barədə isə həkim-narkoloq Yevgeni Bryun danışıb.
"Mən hesab edirəm ki, istənilən dərman preparatı, o cümlədən koronavirusa qarşı peyvənd alkoqol ilə uyğun deyil. Çünki hər şeydən əvvəl bu, zəhərli təsir göstərir, müqaviməti zəiflədir və peyvəndin təsirini azaldır", - deyə o qeyd edib.