BAKI, 10 avqust — Sputnik. Aya uçuşa yararlılıq üçün psixoloji testlərdən həyatlarını tamamilə kosmosun inkişafına verməyə hazır olan insanlar keçə bilərlər. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bunu "Roskosmos" şirkətinin baş direktoru Dmitri Roqozin bildirib.
"Əgər onlar həqiqətən də öz həyatlarını kosmosa qurban vermək və bu sahədə nailiyyətlər qazanmaq istəyən unikal kosmos entuziastlarıdırsa, bizə lazım olan insanlardır", - deyə Roqozin Yuri Kostinin YouTube-dakı "Liçnıye svyazi" (Şəxsi əlaqələr) proqramında Aya uçuş kontekstində bildirib.
"Roskosmos"un baş direktoru qeyd edib ki, psixoloji testlərdən "bu fani Yer kürəsini tərk etmək və harasa uçmaq" istəyən insanlar keçməyəcəklər, onlardan uçuş zamanı nə mümkündürsə gözləmək olar.
Roqozinin sözlərinə görə, bir insanın Aya uçmasını təmin etmək üçün çox sayda yeni texnologiyaların tətbiq edilməsi lazımdır. Onların sırasına sidiyin təkcə texniki suda deyil, həm də içməli suda emalı, qidanın becərilməsi sistemləri, həmçinin 3D-çapın inkişaf etmiş texnologiyası da daxildir. Orbitdə cərrahiyyə əməliyyatı tələb olunarsa, printerlərin köməyi ilə misal üçün, qığırdaq və ya dəri kimi zəruri orqanları çap etmək lazımdır. Həmçinin, 3D-çapı kosmik texnikanın sıradan çıxmış detallarının istehsalı üçün lazım olacaq.
2021-ci ildə müasir Rusiyanın tarixində ilk dəfə olaraq "Luna-25" planetlərarası enmə aparatının Aya göndərilməsi planlaşdırılır. 2024-cü ildə "Ay – 26" orbital aparatının, 2025-ci ildə isə "Ay-27" enmə stansiyasının işə salınması nəzərdə tutulub. Bundan sonra ağır enmə stansiyası olan "Luna-28"in Aya göndərilməsi, onun peykdən süxur götürərək Yerə çatdırması, eləcə də ağır lunaxodun təchizatı üçün "Luna-29" stansiyasının Aya göndərilməsi planlaşdırılır. Son iki layihə hələ ki, heç bir proqrama daxil edilməyib.
Aya ilk rus kosmonavtının göndərilməsi 2030-cu ildə planlaşdırılır.