BAKI, 24 iyul — Sputnik. Rusiyada əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Rusiya vətəndaşlığı almasını asanlaşdıran federal qanun qüvvəyə minib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə qərarı Rusiya Prezidenti Vladimir Putin bu ilin aprelində imzalamışdı.
Yeni qanun mövcud vətəndaşlıqdan imtinanı tələbini və yeni status almaq üçün Rusiyada azı 3 il yaşamaqla bağlı tələbi istisna edir.
Belə ki, yeni qanuna əsasən SSRİ-i vətəndaşlığı olan və sabiq SSRİ ölkələrində yaşayan, lakin orada vətəndaşlıq almayan şəxslər, bundan sonra Rusiyada azı 3 il yaşamaqla bağlı tələbə riayət etməyə məcbur deyil. Analoji qayda Rusiya vətəndaşı olan şəxslə nikahda olan və bu nikahdan övladı olan əcnəbilərə, valideynlərindən biri Rusiya vətəndaşlığına sahib olan və Rusiyada yaşayan əcnəbi vətəndaşlara da şamil ediləcək.
Asan vətəndaşlıq qaydası Moldova, Ukrayna, Belarus və Qazaxıstan sakinlərinə də şamil olunacaq. Əgər onların yaşayış icazəsi varsa, onlar da yaşamaqla bağlı tələbə riayət etməyə məcbur deyillər.
Həmçinin Rusiya universitetlərinin məzunları üçün vətəndaşlıq alınmasındakı şərtlərdən olan Rusiyada işləmə müddəti üç ildən bir ilə qədər azalır.