Danara Kurmanova, Sputnik
BAKI, 17 iyul — Sputnik. 2020-ci ilin fevral ayından etibarən Rusiya 32 dövlətə COVİD-19-la mübarizədə kömək edir. Humanitar yüklərin yarıdan çoxu MDB ölkələrinə göndərilib.
Bununla yanaşı, Rusiya Federasiyasının təmənnasız dəstəyi yalnız tibbi avadanlıq və dərmanlarla məhdudlaşmır. Sputnik Rusiyanın humanitar fəaliyyətinin ətraflı təhlilini hazırlayıb və pandemiya dövründə onun qonşu ölkələrə məhz necə kömək etdiyini müəyyənləşdirib.
Hamı yoxlanılır
Xaricə ilk humanitar yardım partiyaları fevralda təşkil edilmişdi - onda Rusiya koronavirusun diaqnostikası üçün test-sistem göndərməyə başladı. Bu barədə Sputnik-ə "Rospotrebnadzor"dan məlumat verilib.
"Vector" Mərkəzindən olan alimlər yanvar ayının 19-da test sistemi yaradıblar. Fevralın 7-də isə "Rospotrebnadzor"un başçılıq etdiyi rusiyalı mütəxəssislərin Çinə səfəri zamanı onun effektivliyi təsdiqlənib. Bundan sonra Rusiya xaricə tədarüklərə başlaya bilib, Aİİ və MDB ölkələri ilə qarşılıqlı əlaqə mühüm aspekt olub", - deyə təşkilatın mətbuat xidmətindən bildiriblər.
14 iyul 2020-ci il tarixinə olan məlumata görə, Rusiya təmənnasız yardım kimi koronavirus üçün xaricə 734 min test göndərib. Bu həcmin, təxminən, 55% - ni və ya 402,7 min testi MDB ölkələri alıb. Rusiya test-sistemlərin ən böyük partiyaları Mərkəzi Asiya ölkələrinə – Qırğızıstan, Özbəkistan və Qazaxıstana göndərilib.
Bundan başqa, "Rospotrebnadzor"da qeyd edirlər ki, Belarus və Tacikistanda koronavirusa ilk yoluxma hallarını məhz Rusiya testləri üzə çıxarıb. Lakin, test aparmaq və nəticə əldə etmək üçün kimyəvi reaktivlər də vacibdir. Buna görə də, Rusiya xaricə tədqiqat üçün 723 min reagent göndərib. Onlardan 440 mindən çoxu yenidən MDB ölkələrinə göndərilib.
Yalnız testlə deyil
Sputnik-ə "Rospotrebnadzor"un mətbuat xidmətindən verilən məlumata görə, Rusiya qonşu ölkələrə humanitar yardım kimi dövlət sərhədlərinin buraxılış məntəqələrinin təchizatı üçün 23 təmassız termometr də ayırıb. Cihazların 10-nu Qırğızıstana, 6-sı isə Tacikistana çatdırılıb.
Rusiya COVİD-19-la mübarizə aparan həkimlər üçün maarifləndirmə tədbirlərinə də böyük diqqət yetirib. "Rospotrebnadzor" 10 onlayn mühazirə təşkil edib ki, bu zaman Rusiya həkimləri öz təcrübələrini MDB-dən olan 300 mütəxəssislə bölüşüblər.
"Lakin məsləhətləşmələr yalnız videobağlantı formatında olmayıb. Rusiyalı mütəxəssislər bilavasitə zərər çəkmiş ölkələrə də gediblər. Məsələn, may ayında Rusiya Tacikistan və Moldovada qiymətləndirmə missiyaları həyata keçirib və virusun laboratoriya diaqnostikası ilə bağlı tövsiyələr verə bilib", - təşkilatın mətbuat xidmətindən bildiriblər.
Köməyə tələsirlər
Tərəfdaş dövlətlərə pandemiyanın öhdəsindən gəlməyə kömək etmək üçün bu gün bir sıra MDB ölkələrində rusiyalı həkimlərin bütöv qrupları işləyir. “Rospotrebnadzor”dan bildiriblər ki, Rusiya epidemioloqları və virusoloqları iyul ayında Qazaxıstan və Qırğızıstana səfər ediblər. Məsələn, Qazaxıstanda 55 rusiyalı həkim işləyir. Ölkədə epidemioloji vəziyyət pisləşdiyindən və karantin rejimi avqustun 2-dək uzadıldığından, Rusiya Qazaxıstana əlavə humanitar yük göndərib. "SK-Farmasiya" dərmanlarının Qazaxıstan distribütorunun məlumatına görə, bu yük, 2 790 dəst qoruyucu geyim, təxminən 22 min maska və 236 qutu "Favipiravir"dərmanından ibarətdir. İyulun sonuna qədər Rusiya bu preparatdan daha 700 min həb verəcək.
Bu gün Zaqafqaziyada da Rusiyanın həkim qrupları fəaliyyət göstərir. İyulun 12-də Rusiyanın Səhiyyə Nazirliyi Seçenov adına Birinci Moskva Dövlət Universitetinin həkim briqadasını Azərbaycana göndərib. Onlarla birlikdə Moskva, Odintsovo və Norilsk klinikalarında işləyən 17 könüllü həkim Bakıya uçub.
Serbiyadan Laosa qədər
Lakin qeyd etmək lazımdır ki, Rusiyanın yardımı təkcə MDB-yə şamil edilmir. Sputnik “Rospotrebnadzor”dan öyrənib ki, pandemiya dövründə Rusiya 32 ölkəyə təmənnasız yardım göstərib.
Rusiya Federasiyasının humanitar missiyasının coğrafiyası genişdir. Qvineya, Nepal, Kosta-Rika, Nikaraqua, Fələstin, əfqanıstan, Kuba, Laos, Dominika, Livan, Serbiya, Venesuela, Misir – bu hələ Rusiyadan PZR-test (Polimeraz zəncirvari reaksiya) almış ölkələrin tam siyahısı deyil.
Vyetnamda isə koronavirusun öyrənilməsi ilə Rusiya-Vyetnam birgə elmi-tədqiqat mərkəzi məşğul olur. Onun bazasında Rusiya mütəxəssisləri 2 mindən çox COVİD-19 törədicisinin tədqiqatları aparılıb.
Rusiya XİN də virusa qarşı mübarizəyə əhəmiyyətli töhfə verib. Nazirliyin saytında bildirilir ki, Rusiya Cibutiyə Tibb komplekslərinin yaradılması üçün çadırlar və ləvazımatlar göndərib. Kambocaya isə Rusiyadan humanitar aksiya çərçivəsində min ədəd "Tsikloferon" qutusu daxil olub.
İxracın həcmi artır
Humanitar yardımların təchizatı ilə paralel olaraq ixracın həcmi də artır. Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin Sputnik-ə verdiyi məlumata görə, bu gün Rusiya test sistemləri ödənişli əsaslarla Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkiyə, Gürcüstan və Ukraynaya göndərilir.
Testlərin uzaq xaricə – Avstriya, Banqladeş, Bolqarıstan, Braziliya, Macarıstan, Almaniyaya, Hindistan, İtaliya və Birləşmiş Ərəb Əmirliklərinə çatdırılması da fəal şəkildə inkişaf edir.
"Ümumilikdə 20 mindən çox dəst ixrac edilib. Hazırda Əlcəzair, Əfqanıstan, Venesuela, Malayziya, Mərakeş, Serbiya və Pakistana çatdırılma haqqında danışıqlar aparılır", - deyə nazirliyin mətbuat xidmətindən bildiriblər.
Rusiyanın ağ ciyərlərin süni ventilyasiyası aparatlarının (IVL) ixracı da uğurla keçir. RF Sənaye və ticarət naziri Denis Manturov Federasiya Şurasında çıxışı zamanı bildirib ki, 600-dən çox Rusiya İVL-i artıq Özbəkistan, Belarus, Serbiya və İtaliyaya göndərilib. Bundan əlavə, Rusiya ABŞ ilə temperatur ölçmə terminallarının satışını müzakirə edir.