BAKI, 29 iyun — Sputnik, İvan Danilov. Amerikada seçkilər ərəfəsində anti-Rusiya isterikasını fəallaşdırmağa növbəti cəhd okeanın o tayındakı nüfuzlu "The New York Times" nəşrindən gəlib. Məhz bu qəzet vasitəsilə Donald Trampı nüfuzdan salmaq və Moskvaya qarşı növbəti sanksiyaların tətbiqinə nail olmaq məqsədi ilə Rusiya ilə bağlı yeni qaralama aksiyası təşkil edilib. Bu dəfəki bəhanə maksimum dərəcədə ekzotikdir. Qəzet Amerika kəşfiyyatındakı mənbələrinə istinadən bildirilir ki, "Rusiya amerikalı hərbçilərinin məhvinə görə əfqanıstanlı yaraqlılara gizli şəkildə mükafat təyin edib. Tramp administrasiyası kəşfiyyatın gəldiyi bu şok nəticə ilə bağlı aylarla nə etməli olduğunu düşünüb".
Amerika vətəndaşının nöqteyi-nəzərindən – əgər o, "The New York Times" qəzetinə inanırsa – vəziyyət son dərəcə dəhşətli və alçaldıcı görünür: belə çıxır ki, Rusiya Əfqanıstandakı amerikalı əsgərlərin baş dərisinin və cəsədlərinin kolleksiyaçısı rolunda çıxış edir, əfqanıstanlı yaraqlılar isə "amerikalıları ovlayır" və öldürülmüş əsgərləri qanlı rubllara dəyişir. Və bu, guya, Tramp administrasiyasının tam fəaliyyətsizliyi şəraitində baş verir.
Amerikanın ən nüfuzlu qəzetində aşağıdakı cümlələri oxuyanda özünü dünya hegemonu saymağa vərdiş etmiş ölkənin vətəndaşlarının hansı emosiyaları yaşadığını təsəvvür etmək çox qorxuludur:
"Məmurlar deyiblər ki, kəşfiyyat xidmətlərinin rəyləri barədə məlumatlar Prezident Trampa çatdırılıb və Milli Təhlükəsizlik Şurası martın sonunda idarələrarası müşavirədə bu problemi müzakirə edib. Məmurlar Moskvaya diplomatik şikayətin verilməsindən tutmuş, bir sıra artan sanksiyalara və digər cavab hərəkətlərinə qədər mümkün variantların siyahısını hazırlayıblar. Amma məmurlar bildiriblər ki, Ağ Ev hələ ki, heç bir addımı bəyənməyib".
Amerikanın adı açıqlanmayan güc strukturlarının sözləri əsasında "The New York Times" qəzetinin Rusiyanın ünvanına yazdığı bu media "ittiham aktı" barədə bir sıra qeydlər etmək lazımdır.
Birincisi: 1990-cı və 2000-ci illərdə minlərlə Rusiya vətəndaşını qətlə yetirmiş terrorçulara ABŞ, o cümlədən Amerika mediası tərəfindən göstərilən açıq-aşkar media, logistik, diplomatik və informasiya dəstəyindən sonra ABŞ-ın, hətta yad ölkə ərazini işğal etmiş hərbçilərinə münasibətdə gizli üsullardan istifadə edilməsi halında belə, şikayət etməyə mənəvi cəhətdən haqqı olmazdı.
Üstəlik, Rusiyaya qarşı irəli sürülən ittiham sübutlarının sayı ənənəvi olaraq sıfıra bərabərdir.
İkincisi: Böyük ehtimalla Amerika isteblişmenti, xüsusilə də nyu-yorklu jurnalistlərin onun "imperializm" və rusofobiya səbəbindən açıq-aşkar rəğbət bəslədikləri hissəsi Əfqanıstan kimi həlledilməz terror problemini yaradıb. Əfqanıstanlı və qeyri-əfqanıstanlı terror hərəkatlarının amerikalı mütəxəssislər tərəfindən, Amerikanın pulu və Amerikanın silahları ilə yaradılması faktı çox gözəl məlumdur. Xatırladaq ki, məsələn, 2001-ci ilin məlum hadisələrinə qədər Ben Laden illər ərzində Amerika mediasının və siyasətçilərinin sevimlisi olub.
Belə çıxır ki, ABŞ əvvəlcə müxtəlif ölkələrdə vətəndaş müharibələri, kütləvi qətllər və terrorun çiçəklənməsi üçün şərait yaradır, lakin bu hərəkətlər gözlənilməz şəkildə Amerika hərbçilərinin ölümünə və Birləşmiş Ştatların beynəlxalq arenada rüsvayçılığına səbəb olan kimi, Amerika media-hərbi kompleksi dərhal bütün bunlarda Rusiyanı günahlandırmağa və ona qarşı sanksiyalar tətbiq etmək çağırışlarına başlayır (ABŞ özü bu yaxınlarda Əfqanıstanda faktiki olaraq kapitulyasiya edib – taliblərlə inanılmaz dərəcədə alçaldıcı sülh müqaviləsi imzalayıb).
Amma yaxşı xəbərlər də var.
Əvvəllər ABŞ-da "The New York Times" və ya "The Washington Post" tərəfindən dərc olunan bu cür informasiya "sızmalarına" ictimai inam yüksək idi və bu fakt demək olar ki, dərhal Tramp administrasiyasını "tövbə etməyə", eləcə də təcili olaraq, ictimaiyyətin gözündə özünü doğrultmaq üçün Rusiyaya qarşı növbəti sanksiyaları tətbiq etməyə məcbur edirdi. Amma indi vəziyyət tamamilə fərqlidir.
Görünür, "Russiagate" illəri və anti-Rusiya kompromatlı saxta ittihamlar və saxta dosyelər öz işini görüb: Amerika cəmiyyətinin əhəmiyyətli bir seqmenti artıq öz mediasına və öz güc strukturlarına inanmır, siyasətçilər isə ən nüfuzlu media orqanlarını və onların mənbələrini yalanda birbaşa ittiham etməklə yanaşı, həm də bu dəyərləndirmələrə uyğun hərəkət etmək imkanı əldə ediblər.
Prezident Donald Tramp "Twitter" vasitəsilə ittihamlara cavab verib: "Saxta xəbər yayan "The New York Times" öz "anonim" mənbəyini açıqlamalıdır. Mərc gəlirəm ki, onlar bunu edə bilməz, bu "şəxs" yəqin ki, heç mövcud deyil!"
ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin direktoru vəzifəsini icra edən Riçard Qrenel isə hətta Demokratlar partiyasından olan konqresmenlə sosial şəbəkə mübahisəyə qoşularaq onu kəşfiyyat məlumatlarından siyasi məqsədlərdə istifadə etməkdə ittiham edib: "Mən bu barədə eşitməmişəm. Və sizin kəşfiyyatı siyasiləşdirməyə davam etməyiniz iyrənc haldır. Siz emal edilməmiş kəşfiyyat məlumatlarının necə yoxlanıldığını açıq şəkildə başa düşmürsünüz. Jurnalistlərə anonim mənbələrdən məlumatların qismən sızması təhlükəlidir, çünki sizin kimi insanlar onu siyasi mənfəət naminə manipulyasiya edirlər".
"The New York Times" məqaləsinin ən azı prezidentin hərəkətlərinə aid hissəsinə rəsmi təkzib artıq Amerika kəşfiyyatı tərəfindən də dərc edilib.
Yeri gəlmişkən, əgər amerikalı jurnalistlər Amerika əsgərlərinin qətli ilə bağlı əsl təhrikçiləri görmək istəyirlərsə, güzgüyə baxmalıdırlar. Amerika polisini, həmçinin mühafizəkar dəyərlərin tərəfdarlarını və "trampçıları" iblisləşdirən və dehumanistləşdirən "The New York Times" və digər Amerika media qurumları faktiki olaraq onlara qarşı emosional, psixoloji və bəlkə də fiziki zorakılıq tətbiq edənlərə "emosional mükafat" vəd edirlər. Bu yaxınlarda az qala bütün Amerika mediasının qızışdırdığı və haqq qazandırdığı kütləvi iğtişaşlarda qətlə yetirilmiş amerikalı polis əməkdaşlarının qanı amerikalı liberal və proqressiv jurnalistlərin də əlindədir.
Amerika polislərinin həyatı bu cür jurnalistlər üçün elə də əhəmiyyətli deyil. Amma onlar anti-Rusiya sanksiyalarını və Demokratik partiyanın maraqlarını təşviq etmək üçün Amerika əsgərlərinin cəsədləri üzərində göz yaşları tökə bilərlər.
Təəccüblü deyil ki, bu cür mediastrukturlara inananlar həm ABŞ-da, həm də dünyada getdikcə azalır. Amerikanın nüfuzuna və böyüklüyünə qarşı sui-qəsd məhz "The New York Times" redaksiyasının iştirakı ilə təşkil olunub. Onlara mükafat da təklif oluna bilərdi, lakin bütün işi pulsuz görəcəklər.