BAKI, 9 iyun — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın ABŞ-dakı iğtişaşlara aidiyyəti olduğu barədə məlumatı "mif" adlandırıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Zaxarova məsələ ilə bağlı deyib: "ABŞ-ın demokratlar partiyasının bəzi nümayəndələrinin etdiyi kimi "Birləşmiş Ştatlardakı etirazların arxasında ruslar, Kreml və Rusiya dayanır" demək sadəcə olaraq öz xalqına hörmət etməmək və ya baş verənləri anlamamaq deməkdir".
Onun sözlərinə görə, rusiyalı siyasətçilər dəfələrlə amerikalı həmkarlarını öz ölkələrinin daxili işləri ilə məşğul olmağa və "digərlərinə ağıl verməməyə" çağırıb.
Zaxarova qeyd edib ki, Rusiya uzun illər "Amerika hökumətinin, xüsusilə də insan hüquqları, irqçilik sahəsində gizlətdiyi problemlər" haqqında danışıb.
Bir qədər əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə sabiq məsləhətçisi Syuzan Rays ölkədə iğtişaşların arxasında Moskvanın dayandığını bəyan edib. Bu cür fikirlər Rusiyanın Xarici İşlər Nazirliyi və Rusiyanın ABŞ-dakı səfiri tərəfindən pislənilib, çünki Rays bəyanatına heç bir sübut gətirməyib.
ABŞ Prezidenti Donald Tramp isə Nyu Orleanın keçmiş meri Mark Morialı CNN-nin efirində dediklərinə görə tənqid edib. Morial etiraz aksiyalarında Rusiyanın əlinin olması ehtimalını səsləndirib.