BAKI, 8 iyun — Sputnik. Bir sutka ərzində Rusiyada 8985 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 112 nəfər ölüb.
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 476658-ə çatıb. Rusiyada pandemiya yayılandan 5971 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 3957 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 230688-ə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 7 milyonu keçib, 402 mindən çox adam isə virus səbəbilə ölüb.
Buna rəğmən, Moskvada sabahdan - iyunun 9-dan etibarən özünütəcrid, icazələr və gəzinti qrafiki ləğv olunur. Bu barədə paytaxt meri Sergey Sobyanin özünün bloqunda məlumat yayıb. Şəhərin bütün sakinləri, o cümlədən 65 yaşdan yuxarı olan şəxslər və xroniki xəstəlikləri olanlar sabahdan heç bir məhdudiyyət olmadan öz işlərinin dalınca gedə, ictimai yerlərə baş çəkə bilərlər.