Zarina Orucəliyeva, Sputnik Azərbaycan
BAKI, 8 iyun — Sputnik. Hazırda Dərbənd rayonunda sərhəddə yeni dəhlizin açılmasını səbirsizliklə gözləyən 873 Azərbaycan vətəndaşı var. Sərhədlər koronavirus pandemiyası səbəbindən bağlı olduğundan, onlar vətənlərinə dönə bilmirlər. Bu barədə Sputnik Azərbaycan-a Dərbənd rayonu rəhbərinin vəzifəsini icra edən Fuad Şüküroviç Şıxıyev məlumat verib.
Qeyd edək ki, koronavirusun yayılmasının qarşısını almaq məqsədilə, Azərbaycan və Rusiya hakimiyyəti 25 mart 2020-ci il tarixindən etibarən "Tahırkənd – Qazmalar" (Dağıstan) - "Xanoba" (Azərbaycan) sərhəd-keçid məntəqəsinin müvəqqəti bağlanması haqqında qərar qəbul ediblər.
Nəticədə, vətənə gəlmək ümidi ilə sərhədlərə yaxınlaşan azərbaycanlılar Dərbənd rayonunun ərazisində toplaşmağa başlayıblar.
“İnsanların böyük axını nəticəsində Dərbənd rayon icra hakimiyyəti 350 nəfərlik çadır şəhərciyi quraraq adamları oraya yığmağa başlayıb. Gələn azərbaycanlıların digər hissəsini yerli rəhbərlik mehmanxanalarda və pansionatlarda yerləşdirib. Bundan başqa, Kullar kəndində 120 nəfərə yaxın insanın olduğu icazəsiz düşərgə meydana gəlib. Burada müvəqqəti məskunlaşan insanlar başqa yerə, rəsmi düşərgə və ya mehmanxanalara köçməkdən qəti şəkildə imtina edirlər. Bu yolla onlar yaranmış vəziyyətdən narazılıqlarını nümayiş etdirir, tezliklə vətənə dönməyi tələb edirlər”, - deyə Şıxıyev bildirib.
Aclıq aksiyası
Rayon administrasiyasının rəhbərinin sözlərinə görə, 50-60 nəfərlik bir qrup azərbaycanlı icazəsiz düşərgədə aclıq aksiyası elan edib. Onlar meydançada üç-dörd saatdan bir bir-birini əvəz edən aksiya təşkil ediblər. Bu adamların bəziləri apreldən Azərbaycana gəlməyə çalışırlar. Aclıq elan etmələrinə baxmayaraq, yerli hakimiyyət orqanları onları su və qida ilə təmin edir.
"Son üç ayda Azərbaycan tərəfi öz vətəndaşlarını cəmi üç dəfə qəbul edib. İlk dəfə 120 nəfər, ikinci 131 və sonuncu dəfə 122 nəfər. Məsələ burasındadır ki, sərhəd açılan və yüzdən artıq insan sərhədi keçən kimi, onların yerinə Rusiyanın hər yerindən iki yüzə yaxın adam Dərbəndə gəlir və onlar da ümid edirlər ki, sərhədi keçə bilərlər. Ancaq Azərbaycan tərəfi müəyyən limit müəyyən edir. Hamısını birdən götürmək mümkün deyil”, - məmur əlavə edib.
İyunun 8-də Dərbənd rayon administrasiyasına 60 nəfər Azərbaycan vətəndaşı gəlib. Onlar yerli hakimiyyət orqanlardan onlara aqibətləri ilə bağlı bir söz demələrini xahiş ediblər. Dərbənd administrasiyası isə Azərbaycandan xahiş edir ki, iki həftədə bir dəfə yüz yox, üç yüz vətəndaşını qəbul etsin. Bu, yerlərdə vəziyyəti sabitləşdirməyə kömək edərdi.
Bahalı məzmun
Respublika vətəndaşlarını hər gün təmin etmək çətindən də çətin olur. Şıxıyevin sözlərinə görə, onların yaşayışına hər gün təxminən 100 min rubl xərclənir. Bu pulu yerli sahibkarlar verirlər. Onlar onsuz da iqtisadi böhran dövründə xeyli ziyan çəkirlər. Otellər hər gün qalmaq və yemək üçün bir adam başına 300-600-650 rubl hesab təqdim edirlər. Bir həftə əvvəl yerli iş adamlarından biri bu hesabları ödəməyə kömək edib. O, Azərbaycan vətəndaşlarının yaşaması üçün bir milyon rubl pul xərcləyib.
Mürəkkəb vəziyyət
Dərbənddə olan bütün azərbaycanlılar COVİD-19 testindən keçiriliblər. Nəticədə, həkimlər 13 nəfərdə koronavirus aşkar ediblər. Onları yerli xəstəxanaya yerləşdiriblər. Bundan başqa, düşərgələrdə və mehmanxanalarda uşaqlı qadınlar da var.
"Üç göndəriş zamanı biz qadınlar və uşaqlara diqqət yetirdik. Buna görə də burada qadınlar çox azdır. Amma mən bilirdim ki, sərhədə sonuncu dəfə getdiyimdə orada bir hamilə qadın vardı. O, üç gün əvvəl bizdə uşağını dünyaya gətirdi. Onda onu buraxmadılar. Bundan başqa, orada üç uşağı olan qadın var. Onu da Azərbaycan tərəfinə buraxmayıblar. Biz onları mehmanxanaya yerləşdirdik. Qadınlar hər gün öz maşınları və yolüstü nəqliyyatla sərhədə gəlirlər", - deyə Şıxıyev bildirib.
Yeni dəhliz
Dərbənd rayon administrasiyası hər saat növbəti - sayca dördüncü dəhlizin təşkili ilə bağlı Azərbaycandan məlumat gözləyir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında koronavirusla mübarizə üzrə yaradılmış Operativ Qərargahdan daha əvvəl də bildirilib ki, bütün həmvətənləri eyni anda qəbul etmək mümkün deyil. Onlar karantindəki boş yerlərin sayından asılı olaraq qruplar şəklində qəbul edilirlər. Oraya insanlar respublikanın digər əhalisinin təhlükəsizliyi nəzərə alınmaqla yerləşdirilirlər. İki həftə ərzində həkimlər gələnləri yenidən testdən keçirir və onların sağlamlıq vəziyyətini müşahidə edirlər. Yalnız bu proseduru keçdikdən sonra xaricdən gələnlər öz yaxınlarının yanına gedə bilərlər.