BAKI, 6 iyun – Sputnik. Rusiyanın Səhiyyə Nazirliyi COVİD-19-un müalicəsi üçün başqa bir dərman preparatını qeydiyyatdan keçirib.
Qurumun mətbuat xidmətinin məlumatına görə, qeydiyyat vəsiqəsini "Levilimab" (ticarət adı “İlsira”) preparatı alıb.
"Preparat xəstəliyin sitokin fırtınası adlandırılan, orqanizmin virusa həddindən artıq iltihabi reaksiyası inkişaf edərkən ağır dövrünü keçirən pasiyentlər üçün nəzərdə tutulub. Sitokin fırtınası orqan və toxumaların, xüsusilə də ağciyər toxumasının zədələnməsinə, infeksiyanın orqanizmə ölümə gətirib çıxaracaq qədər nüfuz etməsinə səbəb olur", - deyə məlumatda bildirilir.
Levilimab, Biocad biotexnoloji şirkəti tərəfindən istehsal olunur. Bu Rusiya istehsalı olan interleykin-6-nın orijinal inhibitorudur. Koronavirus infeksiyasının qarşısının alınması, diaqnozu və müalicəsi ilə bağlı Səhiyyə Nazirliyinin müvəqqəti metodik tövsiyələrindən göründüyü kimi, COVID-19-dan ölüm interleykin-6-nın səviyyəsinin artması ilə əlaqələndirilir. Əvvəlcə dərman revmatoid artritin müalicəsi üçün hazırlanıb.
COVID-19 koronavirus infeksiyası pandemiyası, demək olar ki, bütün dünyada yayılıb. ÜST-ünn son məlumatına görə, altı milyon yarımdan çox adam bu virusa yoluxub, onlardan 387 mini ölüb.
Rusiyada koronavirus infeksiyası hallarının sayı 458 mini keçib, 5,7 mindən çox insan ölüb, 220 mindən çox adam müalicə edilib.