BAKI, 19 may — Sputnik. Kiyevin Rusiyanın mədəniyyət və təhsil təşkilatlarına qarşı tətbiq etdiyi sanksiyalar Ukraynanı xüsusilə koronavirus pandemiyası şəraitində abidələrə, muzeylərə və mədəniyyət məkanlarına çıxışı təmin etməyə çalışan dünya birliyinə qarşı qoyur. Bunu RİA Novosti ilə müsahibəsində Rusiya Federasiyasının UNESCO yanında daimi nümayəndəsi Aleksandr Kuznetsov bildirib.
- Aleksandr İqoreviç, ötən həftənin sonunda Ukrayna Rusiyanın mədəniyyət və elmi qurumlarına qarşı üç il müddətinə sanksiya tətbiq edib. Sanksiya siyahısına Rusiya Coğrafiya Cəmiyyəti, Dövlət Ermitajı, Puşkin adına Dövlət Təsviri Sənət Muzeyi, Rusiya Elmlər Akademiyasının Arxeologiya İnstitutu, Lomonosov adına Moskva Dövlət Universiteti və bir sıra digər qurumlar düşüblər. Kiyevin bu qərarını necə şərh edə bilərsiniz?
- Əlbəttə ki, bu, Kiyev hakimiyyətinin rusofob bir hərəkətidir və belə bir hal qəbuledilməzdir. Artıq Rusiyanın bir çox nümayəndəsi bu barədə şərh verib və buna görə də onların sözlərini təkrarlamamaq üçün bunun UNESCO prizmasından necə qəbul edildiyi barədə danışacağam.
Bildiyiniz kimi, hazırda təşkilat koronavirus pandemiyasının fəsadlarının dünyanın mədəniyyət irsini təhlükə altında qoymaması üçün fəal işləyir. Xüsusilə, milyonlarla insanın mədəniyyət irsinə çıxışdan məhrum olmasına imkan vermək olmaz. Söhbət yalnız pandemiya səbəbi ilə bağlanan tarixi abidələrdən deyil, həm də muzeylərdən, teatrlardan, konsert salonlarından gedir. Bununla bağlı bir neçə konkret təşəbbüs var. O cümlədən rusiyalı mədəniyyət xadimlərinin də təşəbbüsləri var. Əlbəttə ki, genişmiqyaslı tədbirləri məsafədən keçirməyə imkan verən müasir informasiya texnologiyalarından istifadə etməklə bütün bunları ən yaxşı şəkildə necə həyata keçirə biləcəyimizi UNESCO Katibliyi ilə müzakirə edirik.
Bu fonda, məlum olur ki, Ukrayna hərəkətləri ilə özünü bütün dünyanın mədəni birliyinə qarşı qoyur. Bu, kədərlidir: keçmişdə Ukrayna UNESCO-nun fəaliyyətinə mühüm töhfə verirdi, bu gün isə ölkə yalnız Rusiya ilə qarşıdurma mövzusu ilə assosiasiya edilir. Digər sahələrdə Ukrayna sadəcə görünmür.
Ancaq belə bir təəssürat yaranır ki, bu rusofob fikirlər arsenalı tədricən tükənməkdədir. Sual yaranır - bundan sonra nə olacaq? Təkcə yerli səviyyəli deyil, eyni zamanda Dövlət Ermitajı kimi dünya səviyyəli mədəniyyət mərkəzləri hücum hədəfinə çevrilirsə, sonra nə olacaq?
- Bu qərarın beynəlxalq əməkdaşlıq üçün nə kimi fəsadları ola bilər?
- Beynəlxalq əməkdaşlıq üçün xüsusi fəsadlar görmürəm – UNESCO mədəniyyət məsələlərində həmrəylik nümayiş etdirir. Bu yaxınlarda təşkilatın Baş direktoru Odri Azule ilə söhbət etdim və belə bir qənaətə gəldik ki, hər kəs eyni şəkildə düşünür: ən böyük mədəniyyət obyektlərinin bağlanması kontekstində onlara çıxışı, dünya mədəniyyəti və dünya mədəni irsi haqqında bilikləri necə qoruyub saxlamaq haqqında. Düşünürəm ki, səylərimiz yaxın gələcəkdə məhz bunun üzərində cəmləşəcək.
- RİA Novosti-nin sorğusuna cavab olaraq UNESCO Ukrayna hakimiyyətinin hərəkətlərini şərh etməkdən imtina edib. Təşkilat iştirakçı ölkələrin işləri məsələsində qərəzsizlik göstərdiyini əsas gətirib. Sizcə, mədəniyyətlə birbaşa əlaqəli olan və zərər çəkmiş bu qurumlarla əməkdaşlıq edən bir təşkilat bu vəziyyətə müdaxilə etməlidirmi?
- Burada mən UNESCO Katibliyinin mövqeyi ilə razı deyiləm və bu barədə onlara dəfələrlə məlumat vermişəm. Düşünürəm ki, bu, ikili standartların təzahürüdür.
Çünki söhbət yalnız indi sizinlə müzakirə etdiyimiz məsələdən getmir. Təhsil sahəsində Kiyev rəsmilərinin rus dilini ölkənin təhsil sferasından sıxışdırıb çıxarmağa çalışması kimi ciddi hadisələr baş verir. Bu, təkcə UNESCO-nun ruhuna deyil, həm də "Təhsildə Ayrı-Seçkiliyə qarşı Konvensiya" kimi qurum tərəfindən qəbul edilmiş konkret qanuni sənədlərə ziddir. Bu konvensiyanın Kiyev tərəfindən kobud şəkildə pozulmasına dəfələrlə diqqət çəkmişik, amma təəssüf ki, dəqiq reaksiya görməmişik.