Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyalı alimlərdən yeni kəşf: lampa əvəzinə tütün yarpağı

© Photo : Planta / EurekAlert!Parıldayan tütün
Parıldayan tütün - Sputnik Azərbaycan
Abunə olmaq
Mümkündür ki, yaxın zamanlarda otaqlara gecə lampaları əvəzinə çoxları elə bu cür işıq saçan bitkilər almağı üstün tutsunlar

 

BAKI, 29 aprel — Sputnik. Rusiyalı alimlər ilk dəfə daim işıq saçan bitki yarada biliblər. Onların avtolüminessensiya qabiliyyətləri gen səviyyəsində kodlaşdırılıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, tədqiqatın nəticələri Nature Biotechnology jurnalında dərc olunub.

Təbii biolüminessensiya yaxşı öyrənilməyib. İndiyədək yalnız bakteriyaların işıq saçma mexanizmi tam aydınlaşdırılıb. Ancaq bakteriya sistemindən istifadə edərək daim işıq saçan bitki yaratmaq cəhdləri uğursuz olub.

Очертания черепа на черном фоне - Sputnik Azərbaycan
Radiasiyanı enerjiyə çevirən varlıq tapıldı

Təxminən bir il əvvəl Rusiyanın Planta startapının alimləri göbələklərin biolüminessensiyası üçün gərəkli olan bütün komponentləri müəyyən ediblər. İlk dəfə olaraq mürəkkəb çoxhüceyrəli orqanizmdə işıqlanma mexanizmi tamamilə deşifrə edilib.

Yeni tədqiqatla alimlər göbələklərin lüminessensiya sisteminin bitkilərə uğurlu köçürülməsini sübut ediblər. Onların hazırladıqları transgen tütün əvvəlki təcrübələrə nisbətən on dəfə daha güclü işıq saçır.

Bitkinin yarpaqları, gövdəsi, budaqları, kökləri və çiçəkləri yaşıl işıq saçır, onu adi gözlə görmək, adi fotoaparat, yaxud smartfonla şəklini çəkmək olur. Ən əsası isə odur ki, daimi işıqsaçma bitkinin normal boy atmasına, inkişafına əngəl olmur.

“Biz gördük ki, biolüminessensiyalı göbələklərlə adi bitkilərin metabolizmi oxşardır. Odur ki, işıqlanma üçün lazım olan DNT-ni göbələkdən bitkiyə uğurla köçürə bildik. Bununla daimi işığı ilə əvvəlki nümunələri dəfələrlə üstələyə bilən bitki əldə etdik”, - kimya elmləri doktoru, M.M.Şemyakin və Y.A.Ovçinnikov adına Bioorqanik Kimya İnstitutunun biomolekulyar kimya bölməsinin rəhbəri İlya Yampolski deyib.

Biolüminessensiyanın digər geniş istifadə olunan tiplərindən fərqli olaraq yeni yanaşmada bitkinin daim işıq saçması üçün kimyəvi reagent tələb olunmur. Göbələk DNT-sinə malik bitkilər bütün həyatları boyu daimi olaraq işıq saçır. İşıqlanma daim dəyişir, bitkinin yarpaqları üzərində dalğa, naxış əmələ gətirərək əvvəllər insan gözündən yayınan daxili prosesləri sərgiləyir.

“Dan yeri ağarandan azacıq sonra və qaranlıq düşən kimi dərhal işıq güclənir. İşığı bir neçə günlük söndürəndə isə işıq “dalğaları” hələ bir müddət bitkinin daxili “bioloji saatına” uyğun olaraq “gəzməyə” davam edir. İşıq saçan bitkilərin yaradılmasınadək metabolizmin dinamikasını öyrənmək sadəcə arzu olaraq qalırdı. Yeni texnologiya isə fenol metabolizmini dəqiqəbədəqiqə, prosesin yerini isə millimetr dəqiqliyi ilə qiymətləndirməyə imkan verir”, - tədqiqatın müəlliflərindəmn biri, MDU-nun Botanika bağının direktoru, biologiya elmləri doktoru Vladimir Çub deyib.

Alimlər bundan öncə müəyyən etmişdilər ki, göbələklər işıq saçmaq üçün fenol təbiətinə malik maddə - qəhvə turşusundan istifadə edir. Bu turşu bitkilərdə də olur. İşığın yaranması üçün qəhvə turşusu dörd fermentin iştirakı ilə metabolizm dövrünü keçməlidir. İki ferment qəhvə turşusunu daha mürəkkəb molekula çevirir, o isə üçüncü fermentlə oksidləşərək foton buraxır – işıq yaranır. Dördüncü ferment isə reaksiya məhsulunu yenidən qəhvə turşusuna çevirərək dövrü tamamlayır. Beləliklə, işıq saçan bitki yaratmaq üçün alimlər göbələkdən cəmi dörd gen götürərək bitkiyə köçürüblər.

Alimlər tütünün iki növü üzərində təcrübə aparıblar, amma bildirirlər ki, onların yaratdıqları biolüminessensiya sistemi başqa bitkilərə də asanlıqla köçürülə bilər.

Mütəxəssislərin fikrincə, onların bu kəşfi elmdə geniş tətbiq sahəsi tapa bilər. Alimlər işıqlanmadan bitkilərin daxilindəki prosesləri öyrənmək üçün istifadə edə biləcəklər. Həmçinin bu üsulla işıq saçan güllər, ağaclar, digər dekorativ bitkilər yaradıla bilər. Layihə kommersiya məhsulu yaratmaq fikrindədir, ona görə də mümkündür ki, yaxın zamanlarda otaqlara gecə lampaları əvəzinə çoxları elə bu cür işıq saçan bitkilər almağı üstün tutsunlar.

Xəbər lenti
0