BAKI, 8 aprel — Sputnik. Bir sutka ərzində Rusiyanın 56 regionunda 1175 koronavirusa yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan xəbər verir ki, 24 saat ərzində 5 nəfər ölüb.
Ümumilikdə bu xəstəliyə yoluxanların sayı 8672-ə çatıb. Onlardan 580-i sağalıb, 63-ü ölüb.
Rusiyada bu ana qədər koronavirusun aşkarlanması üçün 795 mindən çox test keçirilib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,4 milyonu keçib, 81 mindən çox adam isə virus səbəbilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.