BAKI, 2 aprel — Sputnik. Rusiyanda bir sutka ərzində 771 COVİD-19 virusuna yoluxma halı qeydə alınıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, yeni yoluxma halları Rusiyanın 29 regionunda qeydə alınıb.
Bununla da, ölkədə ümumilikdə bu virusa yoluxanların sayı 3548-ə çatıb ki, onlardan da 235-i sağalıb, 30-u ölüb.
Ümumilikdə Rusiyada koronavirusla bağlı 536 min test həyata keçirilib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 930 min nəfəri keçib, 41 mindən çox adam isə virus səbəbilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını "COVID-19" qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.