BAKI, 1 aprel — Sputnik. Rusiya ABŞ-a tibbi avadanlıq və maskalar göndərib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, tibbi ləvazimatları daşıyan "An-124-100 Ruslan" təyyarəsi artıq yola düşüb.
Moskvanın koronavirusla bağlı situasiyada Vaşinqtona kömək etməsi barədə martın 31-də məlum olub. İki ölkənin liderləri telefonla danışıb və pandemiya şəraitində beynəlxalq əməkdaşlığın vacibliyini qeyd ediblər.
Ağ Evin proqnozu
ABŞ-da koronavirus qurbanlarının sayı ən yaxşı halda 100 min nəfər, ən pis halda isə 2,2 milyon nəfər təşkil edə bilər. Bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən çərşənbə axşamı yayımlanmış ekspert rəylərində deyilir.
Bundan başqa, ekspertlər hesab edirlər ki, ABŞ-da koronavirusdan ölüm hallarının sayı aprelin 15-də pik həddinə çata bilər. Belə ki, proqnozlara görə, həmin gün 2214 nəfər ölə bilər. Bundan sonra rəqəmlər düşməyə başlayacaq və iyunun 1-də təxminən 250-yə enəcək. İyulun 1-də isə gündəlik ölü sayı 100-dən aşağı olacaq.
Cons Hopkins Universiteti (Jones Hopkins University) bildirib ki, yerli vaxtla saat 19:49-a (Bakı vaxtı ilə saat 3:49-a) olan vəziyyətə görə ABŞ-da koronavirus xəstəlirinin sayı 188 mini keçib, 3800-dən çox insan dünyasını dəyişib.
COVID-19 pandemiyası
İlk dəfə olaraq 2019-cu ilin sonlarında Çinin Uhan şəhərində aşkar edilmiş COVID-19 xəstəliyi artıq 180-ə yaxın ölkədə yayılıb. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, dünyada artıq 750 mindən çox yoluxma faktı qeydə alınıb, 36 mindən çox insan dünyasını dəyişib.
ABŞ-da, İtaliyada, İspaniyada və bir sıra Avropa ölkələrində koronavirusla bağlı mürəkkəb vəziyyət müşahidə olunur. Çində isə bir neçə gün əvvəl epidemiyanın dayanması barədə məlumat verilib.