BAKI, 18 fevral — Sputnik, Svetlana Bayeva. Tümen vilayətində balıq şorbasını neftlə yeyirlər, smuzinin yanında süfrəyə üç metrlik blinçik verirlər, turistləri isə Qazamat qəsrinə salırlar, heç onlar da etiraz eləmirlər. Burada Rasputin də yaşayıb, çar ailəsi də, dekabristlər də. Sibirə öz xoşuyla getməyin nəyi yaxşıdır? - RİA Novosti-nin materialında oxuyun.
Tümenin qızıl xətti
"Necə fikirləşirsiz, Moskvadan Tümenə təyyarə ilə neçə saata çatmaq olar?" - bu sualın cavabında üçdən altıyadək variant eşidə bilərsiniz. Ancaq Sibir bunlardan daha yaxındır - cəmi 2 saat 15 dəqiqə (hərdən daha qısa da olur).
Qabaqlar buraya sürgünə göndərirdilər, indi isə "öz xoşunla" dəvət edirlər. Baş qatan və seyr eləməli şox şey var. Tümen Dram Teatrı - Rusiyada ən böyük teatrdır. Tura çayının sahili də ölkədə yeganədir - o, dörd səviyyəlidir. Bu, populyar gəzinti məkanıdır, onun üstündəki Sevgililər körpüsü axşamlar romantik işıqlarla gəl-gəl deyir. Burada Sibir pişikləri xiyabanı da var. 2008-ci ildə açılmış xiyaban blokadadan azad edilmiş Leninqradın siçanların əlindən bezara gələn əhalisinə tümenlilərin göndərdiyi 238 heyvanın şərəfinə belə adlanır.
Hətta yerli akvapark da digərlərindən termal suları ilə fərqlənir: şəhərin kənarında xeyli isti suya malik bulaq tapılıb. Deyilənə görə, onları neftçi-geoloqlar tapıblar.
Tümendə unikal sənət növləri yaşadılır. Ağac memarlığı kimi. Onun dünyada analoqu yoxdur, məsələn, oymaların dərinliyi az qala 30 santimetrdir. Keçən yay Semakov, Volodarski, Turgenev, Respublika və Dzerjinski küçələri boyu "Tümen oymasının əfsanə və rəmzləri" və ya "Tümenin qızıl xətti" adlı marşrut peyda oldu. Buranı bələdçi ilə gəzmək, ya da mobil telefona tətbiq yükləməklə sərbəst surətdə dolaşmaq olar.
Bundan başqa, vilayətdə bütün dünyada məşhur olan xalçalar da toxunur. Onları "tüklü" texnologiya ilə təbii yundan elə toxuyurlar ki, yupyumşaq olur. Ənənəvi olaraq bu xalçalarda tünd fonda parlaq güllər olur. Onun bir nümunəsini Vasili Surikovun "Qarlı şəhərciyin alınması" rəsmində də görmək olar.
Prezidentin çəkdiyi şəkil və həbsxanada hostel
Əgər Tümen Sibirin darvazasıdırsa, Tobolsk - onun qonaq otağı, mənəvi paytaxtıdır. Yerli kreml - regionda yeganə daş saraydır. Onun tikintisi 1683-cü ildən 1799-cu ilədək davam edib. Əsas görməli yerlərdən biri isə Sofiya-Uspeniye kilsəsidir, o, Sibirdə ilk daş tikili sayılır.
Kremlin komplekslərindən birində, Qazamat qəsrində indi Sibir katorqa və sürgün muzeyi yerləşir. 1989-cu ilədək isə bura Rusiyanın ən ciddi qazamatlarından biri olub. Burada gecələmək də olar: pəncərəsində barmaqlıqlar, içində ikimərtəbəli çarpayıları olan kameralar hostel otaqlarına düzəldilib. Burada gecələyənlərə "Dövrələmə ötürmə qaydası ilə" suxarı və çay təklif olunur. Səyahətçilər deyirlər ki, həbsxana üçün çox rahatdır. Burada yer kirayələmək elə də asan deyil, ən yaxın "boş günlər" aprelin əvvəlinə təsadüf edir. Bir yataq üçün qiymət 600 rubldur.
Maraqlı fakt: 2010-cu ildə Tobol kremlinin şəklini hərracda 51 milyon rubla satıblar. Şəkli o vaxt prezident olan Dmitri Medvedev çəkib.
Tobolska gəlməzdən əvvəl bələdçilər ötən il ekranlara çıxan "Tobol" filminə baxmağı məsləhət görürlər. Pyotrun vaxtında Sibirə köç barədə tarixi dramı Aleksey İvanovun eyniadlı romanı əsasında çəkiblər. Taxta daxmalardan ibarət şəhər, dəyirman, kilsənin olduğu çəkiliş meydançası indi populyar turizm obyektidir.
Şəhərin daha bir görməli yeri "Qubernator evi"dir, o, imperator II Nikolayın ailə muzeyidir. Sürgündə olan Romanovlar təxminən bir il - 1917-ci ildən 1918-ci ilədək burada yaşayıblar. "Tümen torpağı onunla məşhurdur ki, çar ailəsini öldürməyib", - deyə yerlilər öyünürlər. Amma Romanovları qətl yerinə elə buradan aparıblar.
"Oturmadı, yatdı"
Tümenlə Tobolsk arasında qəşəng, 250 kilometrlik yol var. Yolüstü Pokrovskoye kəndinə (vilayətin paytaxtından 85 km aralı) baş çəkmək pis olmaz. Bura Qriqori Rasputinin vətənidir, hətta onun bu kənddə ev muzeyi də var, özü də Sovet İttifaqında ilk şəxsi muzeydir, 1990-cı ildən fəaliyyət göstərir.
Düzdür, muzey məşhur kəndlinin yaşadığı evin özündə deyil (onu hələ 1980-ci ildə söküblər), sxem əsasında tikilmiş yeni binada yerləşir. Orada məhv edilmiş evdən çıxarılmış şəxsi əşyalar, qab-qacaq, mebel, ikonalar, şəkillər, eləcə də əsl qapı yaşmağı saxlanılır.
Bələdçilər Rasputinin stulu barədə deyirlər ki, inanca görə, kim onun üstündə otursa, karyerada irəliləyir. Deyirlər ki, Moskva meri olmamışdan qabaq onun üstündə Sergey Sobyanin oturub. Hokkeyçi Vladislav Tretyak da bu stulun üstündə oturub, bundan sonra Rusiya millisi dünya çempionu olub.
Turoperator şirkətinin baş direktoru Vladislav Lutov başqa bir əhvalatı xatırladır: "Bir məşhur idmançı da vardı. Qərara aldı ki, mühazirəni elə stulda otura-otura dinləsin. Otaqdan-otağa keçəndə stulu özüylə aparırdı. Axırda həbsxanaya düşdü".
"Oturmadı, yatdı", - muzeyin direktoru əlavə edir.
Eksponatı qırmızı lent ilə haşiyəyə alıblar, bəlkə, çox yalvarana ürəkləri yumşalıb oturmağa icazə verələr...
Dekabristlər şəhəri və blinçik paytaxtı
Tümendən bir az (80 km) aralı, amma başqa yolda Yalutorovsk yerləşir. O, dekabristlər şəhəri adlanır. Burada 1795-ci ilə aid, "Xilas ittifaqının" yaradıcılarından biri Matvey Muravyov-Apostolun 20 il yaşadığı bina hələ də durur. Bu bina tarixi-memorial muzeyin bir hissəsidir. 1950-ci illərdə dekabrist İvan Yakuşkinin evi də onun ərazisinə köçürülüb.
Yalutorovsku Rusiyanın blinçik paytaxtı da adlandırırlar. Maslenitsa bayramında (bu il martın 1-də) burada üçmetrlik blinçiklər bişirirlər. Qonaqlar hətta özləri də böyük blinçik bişirə bilərlər, amma onların tavası balaca olacaq - cəmi bir metr enində. Hər il bu bayrama 25 minədək qonaq gəlir.
Посмотреть эту публикацию в Instagram
Düşbərə yeyən balıq şorbası
"Bizdə ət və balıq kultu var, - "Tümen vilayətinin turizm və təşviqat agentliyinin" direktoru Mariya Trofimova deyir. - Üzməyən, qaçmayan, səs çıxarmayan hər şey qarnirdir". Tobol çayında çoxlu çökə (nərəkimilər fəsiləsindən) balığı tutulur. Tobolskda hətta xüsusi yemək də var: "Düşbərə yeyən balıq şorbası" - o düşbərəni bu nəcib balığın bulyonunda bişirirlər.
Tümendən 30 km aralıdakı Uspenka kəndində isə süfrəyə "neftli balıq şorbası" verilir. "Yerli kimyaçılar öz sehrli qüvvələrinin köməyi ilə 5 litr qara qızıldan 100 q tünd rəngli maddə alır, balıq şorbasına qatırlar", - Tümen mətbəxinin bilicisi deyir. Onun əsl reseptini isə sirr saxlayırlar.
Посмотреть эту публикацию в Instagram
Alkoqollu içkilər də burada məxsusidir. Buğdadan çəkilən, unikal reseptlə hazırlanan samoqonu giləmeyvələrlə qarışdırıb saxlayırlar. Dərəcəsi 15-35 olur. Elə olur ki, mors kimi dalbadal içirsən, amma sonra ayağa qalxa bilmirsən - əsl Sibir zarafatı.
"Lap smuzi kimi olur, amma alkoqollu", - çaytikanı arağı haqda Moskva tur şirkətinin əməkdaşı deyir.
Ənənəvi desert də "smuzi"dən geri qalmır: Yalutorovskdan gətirilən qatılaşdırılmış südlə qarışdırılan isladılmış mərcangilə çox fərqli tama malikdir.