BAKI, 6 fevral — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Rusiya-Azərbaycan münasibətlərinin inkişafındakı böyük xidmətlərinə görə fəxri diplomla təltif edilməsi barədə fərman verib. Sputnik Azərbaycan-ın məlumatına görə, müvafiq sənəd hüquqi məlumatların rəsmi portalında dərc edilib.
Qeyd edək ki, Rusiya prezidenti Xalq artisti, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunu 75 illik yubileyi münasibətilə də təbrik edib. Onun uzun illərdir ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin, səmərəli əməkdaşlığın inkişafına çox mühüm töhfələr verdiyini qeyd edib.
"Bir bəstəkar, musiqiçi və sənətkar kimi parlaq istedadınız Rusiyada yüksək qiymətləndirilir, sizin ruhu qidalandıran yaradıcılığınızı səmimi olaraq sevirlər", - Putin təbrik məktubunda yazıb.
Polad Bülbüloğlu 4 fevral 1945-ci ildə Bakıda, Azərbaycan opera müğənnisi, təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədov) ailəsində anadan olub. Özünə soyad kimi atasının ləqəbini - Bülbül götürüb. Polad Bülbüloğlu geniş yayılmış bir sıra mahnıların müəllifi və onların ifaçısı kimi tanınıb. Kinofilmlərin, dram tamaşalarının musiqilərinin, simfoniya, simfonik poema və s. əsərlərin müəllifidir.
Polad Bülbüloğlu Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən Müqəddəs Knyaz Nevski mükafatına layiq görülüb. O, Rusiya və Azərbaycan xalqları arasında sülhün, anlaşmanın qorunmasında, dostluq tellərinin möhkəmlənməsindəki xidmətlərinə görə təltif edilib.