BAKI, 2 fevral — Sputnik, İrina Alksnis. Rəsmi bəyanatlara əsasən, İsrailin baş naziri Binyamin Netanyahunun Moskvaya qısa səfərinin məqsədi Rusiya Prezidenti ilə “əsrin sövdələşməsi”nin müzakirəsi olub. Lakin iki liderin söhbətinin detallarını ictimaiyyətə açıqlamadılar, Kremldə isə qeyd etdilər ki, ABŞ-ın İsrail-Fələstin nizamlanması üzrə planı hələ təhlil edilir.
Düzdür, ekspertlərin və müşahidəçilərin çoxu əmindir ki, əslində İsrail liderinin səfərdə əsas marağı Naama İssaxarı şəxsən evə qaytarmaq olub, çünki bu ona yüz faiz daxili siyasi bonuslar gətirəcək. Bonuslar isə martın 2-nə təyin olunmuş seçkilər baxımından çox aktualdır.
İssaxar işinə görə bir neçə ay üzərinə kölgə düşmüş Rusiya-İsrail münasibətlərindəki gərginliyin uğurla həll olunmasına yalnız sevinmək olar. Bu baxımdan sözügedən mövzunun amerikalıların İsrail-Fələstin məsələsinin birdəfəlik həlli üzrə təşəbbüsündən daha önəmli görünməsi baş verənlərin mahiyyəti, həmçinin "əsrin sövdələşməsi"nin özü haqqında çox şey deyir.
Xatırlatmaq lazımdır ki, çərşənbə axşamı Ağ Evin saytında siyasi və istisadi hissədən ibarət 180 səhifəlik sənəd dərc olunub. Elə həmin gün Donald Tramp hazırlanmış təkliflərin təqdimatını keçirib.
ABŞ-ın təşəbbüsünə reaksiyalar nadir istisnaları çıxmaq şərti ilə çox skeptik oldu. Bu məsələdə ABŞ Prezidentinin təşəbbüsünün uğursuzluğa düçar olacağını əvvəlcədən görmək üçün Yaxın Şərq üzrə mütəxəssis olmaq və Fələstin məsələsinin incəliklərindən baş çıxara bilmək lazım deyil.
Sadəcə onu yada salmaq lazımdır ki, Donald Tramp "əsrin sövdələşməsi"ni Vaşinqtonda Binyamin Netanyahunun iştirakı ilə anons edib. Bu təqdimatda Fələstin nümayəndələri iştirak etməyiblər.
Bundan əlavə, ABŞ Prezidenti payalşdığı tvitdə (o cümlədən ivrit dilində) İsrailə böyük dəstəyini ifadə edib.
"Fələstin satılmır! “Əsrin razılaşması"na min dəfə yox deyirik – Mahmud Abbas>>
İrəli sürülmüş təkliflərə gəldikdə isə, onlara görə, yaradılan Fələstin dövləti Qüdsə olan iddialarından tamamilə imtina etməlidir, həmçinin hərbsizləşdirilməli, öz sərhədlərinə, ərazi sularına, hava məkanına nəzarət imkanından məhrum olunmalıdır. Bundan əlavə, amerikalılar fələstinlilər üçün çox əhəmiyyətli olan qaçqınlar məsələsini qulaq ardına vurublar.
Yəni, hətta sənədlə səthi tanış olanda onun Fələstin tərəfi üçün tamamilə qəbuledilməz olduğu ortaya çıxır. Onlar üçün alçaldıcı və qəbuledilməz maddələrin sayı və miqyası elədir ki, şübhə yoxdur: müəlliflər bunu qəsdən ediblər.
Gözləntilər özünü doğrultdu. Fələstin Prezidenti Mahmud Abbas təklifləri qəti surətdə rədd etdi və onları keçməyəcək sui-qəsd adlandıraraq BMT Təhlükəsizlik Şurasına müvafiq qətnamə təqdim edəcəyini bildirdi. Türkiyə sənədi "ölü doğulmuş", İran isə "dünya və bölgə üçün dəhşət" adlandırdı.
Yeri gəlmişkən, Rusiyanın şərhləri təmkinli xarakter daşıyır. RF-in nümayəndələri hələlik səliqəli şəkildə plandakı məntiqsizlikləri qeyd edirlər: belə ki, BMT yanındakı daimi nümayəndə Vasili Nebenzya bildirib ki, amerikalıların dərc etdikləri xəritələrdə Qolan təpələri İsrail ərazisi kimi göstərilsə də, BMT bu dövlətin Qolan üzərindəki suverenliyini tanımır.
Moskvanın bu cür reaksiyası çox məntiqlidir, çünki məhz Rusiya baş verənlərin əsas, demək olar ki, strateji benefisiarıdır.
"Əsrin sövdələşməsi"nin həyata keçməyəcəyi vəziyyəti izləyən bütün ölkələr və qüvvələr, o cümlədən Vaşinqtonun ideyalarından nəzəri cəhətdən xoşlananlara (məsələn, İsrailə) aydın olduğu üçün, məntiqi olaraq ortaya sual çıxır: "Tramp nə məqsədlə bütün bunları edib?"
Daha populyar olan versiya belədir ki, bununla ABŞ Prezidenti qarşında olan operativ məsələləri həll edir. "Foreign Policy" jurnalının fikrincə, Ağ Evin sahibi təklif olunmuş planı "öz seçkiqabağı kampaniyasının, həmçinin İsrail Baş Nazirinin seçki kampaniyasının elementinə" çevirib. "The New York Times" isə hər iki liderin əlavə problemlərini xatırladıb: Trampın impiçment prosedurunu və Netanyahuya qarşı rüşvətxorluq və fırıldaqçılıq ittihamlarını.
Beləliklə, Ağ Ev cari məsələlərin həlli üçün strateji resursları - Birləşmiş Ştatların dövlət kimi statusunu və onların Yaxın Şərq regionunda ən nüfuzlu qüvvə statusunu xərcləyir. Amerikalılar yerinə yetirilməsi mümkün olmayan (və bu mənada səfeh) təkliflər irəli sürüblər və bu təlkiflər, təbii ki, keçməyəcək. Bu da Vaşinqtonun strateji cəhətdən vacib istiqamətdə daha bir məğlubiyyətidir. Həm də hazırkı vəziyyətdə Ağ Ev açıq şəkildə bu məsələdə müstəqil vasitəçi və hakim rolundan imtina etdi. Son onilliklər ərzində bu tərəfsiz hakim rolu əsasən dekorasiya idi, çünki ABŞ-ın israilyönümlü mövqeyi ümumən sirr deyildi. Lakin heç olmasa, formal qaydalara riayət olunurdu və bu, bölgədə iş üçün müəyyən resurs idi.
Nəticədə "əsrin sövdələşməsi" ətrafındakı bütün olanları maraqlı tərəflər ABŞ-ın geosiyasi zəifləməsinin növbəti mərhələsi, onların ötən dövrdə üzərlərinə götürdükləri funksiyaları yerinə yetirə bilməmək qabiliyyəti kimi qiymətləndirəcəklər.
Müqəddəs yer isə boş qalmır. Həm də artıq Yaxın Şərq kimi özünəməxsus bölgədə hətta ən mürəkkəb tərəfdaşlarla razılaşmaq bacarığını və ciddi iş görməyə hazırlığını sübut etmiş qüvvə ortaya çıxıb.
Bütün baş verənlər əvvəllər ABŞ-ın çiyinlərində olan geosiyasi funksiyaları öz üzərinə götürə biləcək yeganə qüvvənin Moskva olduğunu dünyanın gözündə sübut edir.
Donald Tramp üçün bu, təbii ki, yeni Kremlə işləmək ittihamlarının ortaya çıxması deməkdir. Lakin məhz bu, Rusiyanın problemi deyil.