BAKI, 20 yanvar — Sputnik. Rusiya Federal Vergi Xidməti (FVX) Rusiya Antidopinq Agentliyini (RUSADA) Ümumdünya Antidopinq Agentliyi (WADA) ilə müqavilə bağladığı üçün cərimələyib.
Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Moskva Arbitraj Məhkəməsinin saytı məlumat yayıb.
Mənbənin məlumatına görə, 2016-cı ildə təşkilatlar arasında məsləhət xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanıb. Rusiya tərəfi 2017-ci ilin iyun ayında WADA-ya 400 min dollar ödəyib, lakin müvafiq sənədlərdə agentliyin 200 min dollar dəyərində xidmətlər göstərdiyi əksini tapıb. FVX-də hesab edirlər ki, RUSADA qalan pulu ölkəyə qaytarmayıb. Ona görə də, təşkilatı 135 min rubl cərimə etmək qərarına gəlib.
Dekabrın 9-da WADA İcraiyyə Komitəsi Rusiyanı dörd il ərzində böyük beynəlxalq yarışlarda iştirak etməkdən, habelə bu yarışları keçirməkdən məhrum edib. Bundan əlavə, RUSADA WADA-nın mövcud kodeksinə uyğun gəlməyən təşkilat kimi tanınıb və bundan sonrakı fəaliyyət üçün lisenziyadan məhrum edilib.
Bundan sonra məlum olub ki, RUSADA WADA-ya mümkün olan ən yüksək cəriməni ödəyəcək. Bu, 100 min dollar və ya təşkilatın illik büdcəsinin 10 faizini təşkil edir.