BAKI, 18 yanvar — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda Böyük Vətən Müharibəsinin veteranları ilə görüşündə dövlət başçısının müddətsiz rəhbərlik etdiyi dövrlərə qayıtmağın gərəksiz olduğunu deyib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Putin bunu veteranlardan birinin istəyinə cavab olaraq bildirib. Veteran dövlət başçısından "Konstitusiya ilə bağlı bəzi məsələləri həll etməyi" xahiş edib. O, prezidentin səlahiyyətinin "konkret vaxtla məhdudlaşdırılmaması üçün" maddələrdən birini dəyişdirməyi, yaxud yaxşılaşdırmağı təklif edib: "Qoy sonra xalq özü onun prezidentlik müddətini uzatmağın, yaxud elədiklərinə görə təşəkkür edib vəzifədən azad etməyin doğru olduğuna qərar versin". Veteran əlavə edib ki, Putin ölkənin müdafiə qabiliyyətini möhkəmlədə bilib, indi o, başqa məsələlərin həllinə başlaya bilər.
Putin buna cavab olaraq gördüyü işlərin qiymətləndirilməsinə görə veterana təşəkkür edib.
"Hakimiyyətdə olma müddətinə gəlincə, başa düşürəm... bu bizim insanların əksəriyyətinin cəmiyyətdəki, ölkədəki sabitliyə görə narahatlığı ilə bağlıdır: həm daxili, həm də xarici stabilliklə", - Prezident qeyd edib.
"Bununla yanaşı, dövlət başçılarının bir-birinin ardınca ölən günədək hakimiyyətdə qaldıqları, hakimiyyət transformasiyasını formalaşdırmadan hakimiyyətdən getdikləri 80-ci illərin ortalarına qayıtmaq çox təhlükəli olardı. Ona görə də sizə minnətdaram, amma hesab edirəm ki, 80-ci illərin ortalarındakı vəziyyətə, yaxşısı budur, heç qayıtmayaq", - V.Putin əlavə edib.