BAKI, 17 yanvar — Sputnik. Moskva Mərkəzi Afrika Respublikasında rusiyalı jurnalistlərin qətli ilə əlaqədar istintaqın başa çatdırılmasını təmin etməyə çalışacaq. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin səlahiyyətlərini icra edən Sergey Lavrov deyib.
"İstintaq komitəsi cinayət işi açıb və biz bu vəziyyəti çox şərh etmişik ... Bu, tamamilə dəhşətli bir faciədir. Biz istintaqın tamamlanmasını təmin etməyə çalışacağıq", - Lavrov bu gün keçirilmiş brifinqdə deyib.
2018-ci il iyulun 30-da Mərkəzi Afrika Respublikasında üç Rusiya vətəndaşı öldürülüb. Öldürülənlər Azərbaycan əsilli jurnalist Orxan Camal, sənədli film rejissoru Aleksandr Rastorquyev və operator Kiril Radçenko olub. Onlar Mərkəzi Afrika Respublikasında Mixail Xodorkovskinin Təhqiqatların İdarəetmə Mərkəzinin (TİM) sifarişi ilə işləyirdilər.
Rusiya Federasiyasının İstintaq komitəsi hadisə ilə bağlı "qətl" maddəsi ilə cinayət işi açıb.
Mərkəzi Afrika Respublikasının Prezidenti Faustin-Arkanj Tuadera RİA Novosti-yə verdiyi müsahibədə bildirib ki, ölkəsi rusiyalı jurnalistlərin qətlinin hərtərəfli araşdırılması üçün səylərini əsirgəmir.