BAKI, 10 yanvar — Sputnik. Rusiya Birləşmiş Ştatlar və İran ətrafındakı vəziyyəti müzakirə etməyə hazırdır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Ryabkov bildirib.
"Əgər onlar buna maraq göstərsələr, təbii ki, biz hazırıq", - deyə Ryabkov Tokioda jurnalistlərə açıqlamasında qeyd edib.
Rusiya XİN rəsmisi qeyd edib ki, ölkəsi İranla əldə olunan nüvə razılaşması üzrə bütün tərəflərlə daima əlaqədədir.
O, həmçinin qeyd edib ki, rəsmi Moskva ABŞ və İranın yeni zərbələrdən çəkinəcəyinə ümid edir.
Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İranın Ali dini lideri Əli Xameneyi və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.
İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib.
"Press TV" telekanalının məlumatına görə, İranın ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbəsi nəticəsində 80 nəfər ölüb. Rəsmi Vaşinqton isə aviazərbələr nəticəsində itkinin olmadığını bildirib.