Mərkəzi Seçki Komissiyası (MSK) dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, nəticələrlə MSK-nın “Seçkilər” İnformasiya Mərkəzinin saytında (infocenter.gov.az) tanış olmaq olar.
Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri 1606 bələdiyyə üzrə 15 min 156 bələdiyyə üzvü yerinə 42 minə yaxın iddiaçının iştirakı ilə keçirilib. Ölkə üzrə 118 dairənin 5049 məntəqəsi vaxtında, səhər saat 8-də açılıb. Gün ərzində səsvermənin gedişi ilə bağlı Mərkəzi Seçki Komissiyası 5 dəfə ictimaiyyəti məlumatlandırıb. Günün sonunda ölkə üzrə seçicilərin 32,72 faizinin səsvermədə iştirak etdiyi məlum olub. Ümumilikdə bütün məntəqələrdə səsvermə normal keçib.