BAKI, 22 dekabr — Sputnik. Moskva Gənclər Sarayının kirayə xidməti üzərində İosif Stalinin şəkli olan reklam plakatına görə araşdırmalara başlayacaq.
Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, sosial şəbəkələrdə uzun müddətdir sovet liderinin şaurmanı reklam etdiyi posterlərin fotoları yayılıb. Şəkildə o, əlində fast-fud tutub, aşağıda isə "Keyfiyyətə görə güllələyəcəyik" yazılıb.
"Sabah işə çıxacam, bu məsələni öyrənəcəm. Hesab edirəm ki, dəqiq hansısa tədbir görəcəyik, o cümlədən bu plakatı yığışdırmalarını tələb edəcəyik", - deyə Gənclər sarayının kirayə xidmətinin direktor müavini Natalya Çistova deyib.
Qeyd etmək lazımdır ki, Stalinin bu posteri başqa binaların divarlarına da yapışdırılıb. "Rusiya kommunistləri" partiyasının Mərkəzi Komitəsinin rəhbəri Maksim Suraykin bildirib ki, bu aksiyalar siyasətçinin anadan olmasının 140 illiyi ilə əlaqədardır.