BAKI, 20 dekabr — Sputnik. Rusiya millisinin sabiq yarımmüdafiəçisi Aleksandr Səmədov menecerliyə başlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan əsilli Rusiya milli yığma komandasının keçmiş futbolçusu bunu Rusiya mətbuatına açıqlamasında söyləyib.
O, artıq bir neçə müştərisinin də olduğunu bildirib: "Siz çətin ki, onlar haqqında bilirsiniz. Aydındır ki, hələlik top futbolçu yoxdur, yavaş-yavaş başlamaq lazımdır. Mən statusumu nəzərə alaraq öz xidmətlərimi top oyunçulara təklif edə bilərəmmi? Hər şey tədricən olacaq. Səs-küysüz, tozsuz və çirksiz hər şeylə məşğul oluruq".
Bu sahədə işləməyin elə də asan olmadığını bildirən futbolçu, artıq menecer bazarının tam dolduğunu vurğulayıb.
Moskva "Spartak"ının yetirməsi olan Səmədov "Lokomotiv", "Dinamo", "Krılya Sovetov" klublarında çıxış edib. O, Rusiya millisinin tərkibində 53 matçda oynayıb və 7 qol vurub.