BAKI, 19 dekabr — Sputnik. WADA-nın qərarı Olimpiya xartiyasına ziddir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün keçirilən illik böyük mətbuat konfransında rusiyalıların beynəlxalq yarışlardan kənarlaşdırılmasına dair sualı cavablandırarkən bildirib.
Qeyd edək ki, dekabrın 9-da Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi Rusiyanın beynəlxalq yarışlardan 4 il müddətinə kənarlaşdırılması ilə bağlı qərar çıxarıb. Səbəb kimi RUSADA-nın Moskva Antidopinq Laboratoriyasının məlumatları saxtalaşdırması göstərilib. Bununla belə, Rusiya idmançılarının Olimpiadada neytral statusda çıxış etmələrinə icazə verilib.
Rusiya prezidenti bu ölkənin idmançılarının yarışlardan uzaqlaşdırılmasını ədalətsiz addım adlandırıb, lakin əlavə edib ki, rusiyalıları eyni şeyə görə ikinci dəfə cəzalandırırlar: "Rusiyadan olan idmançıların böyük əksəriyyətinin təmiz olmasına baxmayaraq, hamını cəzalandırırlar".
Rusiya rəhbəri xatırladıb ki, bu ölkənin fiqurlu konkisürənləri dünyada, demək olar ki, dördlü tullanışları həyata keçirən yeganə idmançılarıdır. Onun fikrincə, onları sadəcə "aradan çıxardılar".
Qeyd edək ki, Rusiya prezidentinin illik böyük mətbuat konfransı Moskvada Beynəlxalq Ticarət Mərkəzində keçirilir. Sayca 15-cisi keçirilən böyük mətbuat konfransında iştirak etmək üçün 1895 jurnalist akkreditasiyadan keçib ki, bu da rekordun imza atıldığı ötən illə müqayisədə təxminən 200 nəfər çoxdur.
Əfsanələr fikirlərini dedilər: “Axmaq qərardır, lakin sonadək getmək lazımdır”>>
Putin ilin yekunlarına dair böyük mətbuat konfransı keçirmək praktikasını 2001-ci ildən - ilk prezidentlik müddətindən işə salıb. 2008-ci ildə keçirilən mətbuat konfransı davamlılıq müddətinə görə rekorda imza atıb. Belə ki, həmin vaxt Rusiya prezidenti 4 saat 40 dəqiqə ərzində 106 suala cavab verib.